Mağazalarda alıcıların diqqətini çəkən əsas kampaniyalardan biri də Qara Cümədir. ABŞ-də yaranan bu ənənə hər il noyabr ayında Şükranlıq günündən sonrakı cümə günü keçirilir. Bu il isə Qara Cümə noyabrın iyirmi yeddisinə təsadüf edir.
Referans Media milliaz-a istinadən xəbər verir ki, bu gün mağazalar müxtəlif məhsullara xüsusi endirimlər tətbiq etməklə alıcıları cəlb edir. Son illərdə isə kampaniya təkcə bir günlə məhdudlaşmır. Hətta bəzi mağazalarda noyabr ayı boyunca davam edir.
Bəs endirimlər bizim alış-veriş seçimimizə necə təsir edir? Ümumiyyətlə, vətəndaşlarımız qazancının nə qədərini hansı məhsullara sərf edir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, iki min iyirmi altıncı ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi iyirmi beş tam onda beş milyard manatı ötüb. Xərclərin əlli tam onda doqquz faizi ərzaq məhsullarının, on iki tam onda səkkiz faizi isə geyim və ayaqqabıların payına düşüb.
İnkişaf etmiş ölkələrdə, məsələn, gəlirlərin iyirmi faizə qədəri ərzaq xərclərinə ayrılır. Amma Azərbaycanda bu rəqəm əlli faizdən çoxdur. Bu, heç də bizim çox yeyən bir cəmiyyət olduğumuzu göstərmir. Bu, sadəcə, gəlirlərimizin yüksək səviyyədə olmadığını və buna görə də mövcud gəlirlərimizin əlli faizini ən zəruri ehtiyacımız olan qidaya sərf etdiyimizi göstərir.
Bəs Qara Cümə zamanı alıcıların seçimi necə dəyişir? Mağazalarda ən çox hansı məhsullara maraq göstərilir?
Məsələ ilə bağlı iqtisadçı Altay İsmayılov bildirib ki, Qara Cümə kampaniyasında ən çox alış-veriş edən müştərilərin tələbatı böyük məişət texnikası məhsullarına yönəlir. Adətən, cehiz üçün alınan məhsullar arasında soyuducu və paltaryuyan maşınlar yer alır. Buna əlavə olaraq, dəsti tamamlamaq üçün qab-qacaq da alınır.
Maraqlıdır ki, bəzi alıcılar endirimləri gözləyir, hətta ehtiyac yaranmadan alış-veriş edirlər. Yəni məqsəd yalnız mövcud ehtiyacı qarşılamaq deyil, gələcəkdə lazım olacaq məhsulu daha münasib qiymətə əldə etməkdir.
Hazırda Qara Cümə endirimləri ilin ən böyük endirimləri hesab olunur və buna görə də tələbat yalnız cari ehtiyaclara əsasən formalaşmır. Müxtəlif müştərilərimiz var ki, mağazamıza gəlib alış-veriş edir və məhsulları bizdə saxlatdırırlar. Deyirlər ki, iki-üç ay sonra lazım olacaq. Bu da artıq həmin məhsula cari gündə ehtiyac duyulmadığının göstəricisidir. Sadəcə olaraq, bu güclü və yüksək endirimlərdən istifadə edib gələcək üçün yararlanmaq istəyirlər.
Bəs ailə büdcəsində ərzaqdan sonra hansı xərclər üstünlük təşkil edir?
Tipik Azərbaycan ailəsi ən çox pulu ərzağa xərcləyir. Ondan sonra əsasən geyim xərcləri gəlir. Digər tərəfdən, məcburi olaraq ödəməli olduğumuz kommunal xərclər var. Bunlar zəruri xərclərdir. Nəqliyyat xərcləri də ailə büdcəmizdə əhəmiyyətli yer tutur. Bunlardan əlavə, geriyə qalan hissəni gözlənilməz xərclər kateqoriyasına aid edə bilərik. Mədəni və daha lüks sayıla biləcək xərclərə isə tipik Azərbaycan ailəsinin büdcəsindən çox da vəsait ayrılmır.
Bu illər ərzində Qara Cümə mağazalar üçün satış, alıcılar üçün isə qənaət fürsəti kimi təqdim olunur. Amma görünən odur ki, endirimlər nə qədər cəlbedici olsa da, vətəndaşlarımızın büdcəsində zəruri ehtiyaclar ön plandadır.
Çünki qiymətlərin endirilməsi sevindirsə də, ailə büdcəsinin imkanları hələ də məhduddur.
