Avtomobil bazarında ŞOK ENİŞ

Azərbaycan avtomobil bazarında son ayların ən diqqətçəkən tendensiyalarından biri Çin istehsalı olan avtomobillərin qiymətlərində müşahidə edilən enişdir.

Referans Media bildirir ki, bir müddət əvvəl satış salonlarında növbə ilə satılan bəzi modellər indi endirim kampaniyaları ilə təklif olunur.

Maraqlıdır ki, ucuzlaşma təkcə Çin markalarına aid deyil. Koreya, Yaponiya və hətta bəzi Avropa istehsalı avtomobillərin qiymətlərində də müəyyən geriləmə hiss olunur.

Bəs bazarda nə baş verir? Bu, sadəcə yay mövsümünün yaratdığı müvəqqəti durğunluqdur, yoxsa daha dərin iqtisadi səbəblər var?

Son iki ildə Azərbaycana Çin istehsalı avtomobillərin idxalı rekord həddə çatıb. 2025-ci ildə ölkəyə gətirilən minik avtomobillərinin yarıdan çoxu Çin mənşəli olub. Xüsusilə BYD və "Changan" markalarının idxalında çox ciddi artım qeydə alınıb. Nəticədə bazarda təklif sürətlə böyüyüb. Lakin alıcı sayı eyni tempdə artmadığından satıcılar arasında rəqabət güclənib. Bu isə qiymətlərin aşağı düşməsinə səbəb olub.

Nəqliyyat ekspertləri bildirirlər ki, ötən ilin sonlarında vergi və gömrük güzəştlərindən yararlanmaq istəyən şirkətlər və fərdi sahibkarlar bazara həddindən artıq avtomobil gətiriblər. Bu gün həmin avtomobillərin bir hissəsi hələ də satılmayıb və bazarda artıq təklif formalaşıb.

Avtomobil bazarında mövsümi amil də mövcuddur. Yay aylarında vətəndaşların əhəmiyyətli hissəsi məzuniyyət, istirahət və səyahət xərclərinə üstünlük verir. Bu səbəbdən iri alış-verişlər, o cümlədən avtomobil alınması bir çox hallarda payıza saxlanılır.

Bazar iştirakçıları bildirirlər ki, iyun-avqust aylarında satışların zəifləməsi ənənəvi haldır. Satıcılar da müştəri cəlb etmək üçün endirimlərə və güzəştli kredit kampaniyalarına əl atırlar.

Əslində qiymətlərin enməsinin əsas səbəbi bazarda yaranmış doymadır. Bu ilin əvvəlindən etibarən Çin avtomobillərinə olan vergi güzəştlərinin bir hissəsinin başa çatması və idxal tempinin dəyişməsi bazarda yeni vəziyyət yaradıb. Bir çox investor və alverçi əvvəllər olduğu kimi sürətli qazanc əldə edə bilmədiyindən avtomobilləri daha aşağı qiymətə satmağa üstünlük verir.

Ekspertlərin fikrincə, bəzi satıcılar hazırda mənfəətdən çox dövriyyəni qorumağa çalışırlar. Bu da qiymətlərin aşağı düşməsini sürətləndirir.

Çin avtomobillərinin bazara kütləvi daxil olması rəqabəti tamamilə dəyişib. Bir neçə il əvvəl 35-40 min manat büdcəsi olan alıcının əsas seçimi Koreya və ya Yaponiya avtomobilləri idisə, indi eyni məbləğə daha zəngin avadanlıqlarla təchiz edilmiş yeni Çin avtomobili almaq mümkündür. Bu səbəbdən ənənəvi markalar da qiymət siyasətini yenidən nəzərdən keçirməyə məcbur qalır. Xüsusilə ikinci əl bazarında rəqabət daha da kəskinləşib. Çin avtomobillərinin bəzi modelləri 6-8 ay ərzində ilkin qiymətinin 15-25 faizini itirdiyi halda, Yaponiya və Koreya markalarında bu göstərici daha aşağıdır. Buna baxmayaraq, ümumi bazar təzyiqi onların da qiymətlərinə təsir göstərir.

Maraqlıdır ki, Azərbaycanda baş verənlər qlobal tendensiyaların bir hissəsidir. 2026-cı ildə Çin avtomobil bazarında daxili tələbatın zəiflədiyi, lakin ixracın rekord həddə çatdığı bildirilir. Çin istehsalçıları daxildə sata bilmədikləri avtomobilləri xarici bazarlara yönəldirlər. May ayında Çin avtomobil ixracı 70 faizdən çox artıb. Bu isə beynəlxalq bazarlarda qiymət rəqabətini daha da gücləndirib.

Hazırkı mənzərə göstərir ki, yaxın aylarda kəskin bahalaşma gözlənilmir. Bazarda təklif hələ də yüksəkdir, alıcı fəallığı isə əvvəlki səviyyədə deyil. Lakin payız aylarında satışlar canlanarsa və mövcud ehtiyatlar azalarsa, bəzi populyar modellərdə yenidən qiymət artımı müşahidə oluna bilər. Hələlik isə Azərbaycan avtomobil bazarında əsas sözü alıcı deyir. Uzun müddətdən sonra ilk dəfə olaraq seçim çoxalıb, satıcılar isə müştəri uğrunda daha sərt rəqabət aparmağa məcbur olublar. Bu vəziyyət ən azı qısamüddətli perspektivdə qiymətlərin aşağı səviyyədə qalmasına şərait yaradır./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki