Avropa İttifaqı sentyabrın 18-də Ukraynaya raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına sərf olunacaq 3,3 milyard avro vəsait köçürəcək. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra açıqlama verib.
Referans Media Fon der Lyayen bildirib ki, Aİ ötən həftə Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin alınmasının maliyyələşdirilməsini də təsdiqləyib.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Brüssel SAFE proqramı çərçivəsində qalan vəsaitdən istifadə etməklə Aİ ilə Ukraynanın birgə müdafiə layihələrinin maliyyələşdirilməsi üçün yeni mexanizm yaratmağa hazırdır.
Təkliflər arasında Avropanın hava və raketdən müdafiə sisteminin Ukrayna ilə birgə hazırlanması da var. Fon der Lyayen bu layihənin Freya birgə raketdən müdafiə sistemi əsasında qurulmasını təklif etdiklərini bildirib.
Onun sözlərinə görə, layihədə Ukraynanın döyüş təcrübəsi və innovativ imkanları Avropanın texnologiyası və sənaye potensialı ilə birləşdirilməlidir.
Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqı ilin əvvəlindən etibarən Ukrayna üçün artıq təxminən 15 milyard avro vəsait səfərbər edib.
Telefon danışığı zamanı Ukraynanın həyata keçirməli olduğu islahatlar da müzakirə olunub. Fon der Lyayenin sözlərinə görə, bu islahatlar Ukraynanın əlavə maliyyələşmə əldə etməsi və Aİ-yə inteqrasiyasını davam etdirməsi baxımından əhəmiyyət daşıyır.
Avropa Komissiyasının Prezidenti gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında iştirak etməyi planlaşdırır. O, burada digər ölkələri də Ukraynaya dəstəyi artırmağa çağıracağını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə dəfələrlə Qərbin Ukraynaya hərbi yardımının münaqişənin gedişinə həlledici təsir göstərə bilməyəcəyini bildirib. Zaxarovanın sözlərinə görə, Qərb tərəfindən Ukraynaya göndərilən silahlar Rusiya Silahlı Qüvvələri tərəfindən məhv ediləcək.
