AYNA-nın müsabiqələrinin qalibi olan şirkət və direktoru CƏRİMƏLƏNDİ

“Bus Service” MMC və şirkətin direktoru İsmayılov Teymur Qurbanəli oğlu cərimələnib.

Referans Media  Plat.az-a istinadla bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar tərtib edilib.

Protokollara əsasən, şirkət və direktor tərəfindən tələb olunan sənədlərin bir hissəsi, o cümlədən əmək haqqının hesablanması və iş vaxtının uçotu cədvəllərinin surətləri təqdim edilməyib.

İş materiallarına əsasən, vətəndaş Mahal Quliyevin (adı və soyadı şərtidir) dövlət qurumuna şikayəti ilə əlaqədar “Bus Service” MMC-yə və onun direktoru Teymur İsmayılova sorğu məktubu göndərilib. Həmin məktubla şirkətdən sorğuda göstərilən sənədlərin 7 iş günü müddətində təqdim edilməsi tələb olunub. Lakin təqdim edilmiş sənədlərin tam olmadığı müəyyən edilib.

Protokolda qeyd olunub ki, tələb olunan sənədlər arasında əmək haqqının hesablanması və iş vaxtının uçotu cədvəllərinin surətləri təqdim edilməyib. Bununla əlaqədar şirkətin və direktorunun İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdikləri barədə inzibati xəta haqqında protokollar tərtib olunub.

Nəsimi Rayon Məhkəməsi şirkəti 2 000 manat, direktoru isə 1 000 manat məbləğində inzibati cərimə edib. Lakin cərimələr şərti tətbiq olunub və hüquqpozmanın aradan qaldırılması üçün iki ay müddət müəyyən edilib.

Məhkəmə tərəfindən izah olunub ki, müəyyən edilmiş müddət ərzində hüquqpozma aradan qaldırılmadığı halda, qərarda nəzərdə tutulan inzibati cərimə tətbiq ediləcək. Eyni zamanda cərimənin ödənilməsinin hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmədiyi də şirkətə və direktoruna izah olunub.

Qərarla razılaşmayan “Bus Service” MMC-nin direktoru Teymur İsmayılov apellyasiya şikayəti verib. Şikayətçi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və həm MMC-nin, həm də onun İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə icraata xitam verilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsi direktor tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edib, Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Beləliklə, “Bus Service” MMC barəsində tətbiq edilmiş 2 000 manat, şirkətin direktoru Teymur İsmayılov barəsində tətbiq edilmiş 1 000 manat cərimə qüvvədə qalıb. Bununla yanaşı, hər iki cərimənin şərti tətbiqi və hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş 2 aylıq müddət də qüvvəsini saxlayıb.

Qeyd edək ki, "Bus Service" MMC Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) keçirdiyi müsabiqələrin nəticələrinə əsasən Bakı şəhəri və ətraf qəsəbələrdə müntəzəm sərnişindaşıma xidmətləri həyata keçirən daşıyıcı şirkətlərdən biridir.

Xatırladaq ki, qanuni təmsilçisi Teymur İsmayılov oaln "Bus Service" MMC 2014-cü ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Şirkətə məxsus 105, 117, 137 və 533 nömrəli marşrut xidmətləri mövcuddur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki