Azərbaycanda əhalinin borcu artıb - 31 milyardlıq KREDİT

Azərbaycanda bank sektorunda kreditləşmə artmaqda davam edir. Son bir ildə həm ümumi kredit portfeli, həm də əhalinin istehlak və ipoteka kreditləri üzrə borcu nəzərəçarpacaq dərəcədə artıb

Referans Media -ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib ki, 2026-cı il iyunun sonuna bankların ümumi kredit portfeli 31 milyard 821,3 milyon manata çatıb.

Müqayisə üçün, bu göstərici 2025-ci ilin iyununda 28 milyard 472,1 milyon manat idi. Beləliklə, bir il ərzində kredit portfeli 3 milyard 349,2 milyon manat və ya təxminən 11,8 faiz artıb. Ən böyük artım biznes kreditlərində qeydə alınıb. Bu istiqamətdə kreditlərin həcmi 15 milyard 143,7 milyon manatdan 17 milyard 179,5 milyon manata yüksəlib.

Artım 2 milyard 35,8 milyon manat təşkil edib. Bununla yanaşı, vətəndaşların banklara istehlak kreditləri üzrə borcu da artmaqda davam edir.

Statistikaya əsasən, 2025-ci ilin iyununda 8 milyard 898,3 milyon manat olan istehlak kreditləri portfeli 2026-cı ilin iyununda 9 milyard 917,3 milyon manata yüksəlib. Bu isə son bir ildə 1 milyard 19 milyon manat və ya 11,5 faiz artım deməkdir.

Beləliklə, istehlak kreditlərinin həcmi artıq 10 milyard manat həddinə yaxınlaşıb. İpoteka kreditləri üzrə də artım müşahidə olunub. Bir il əvvəl 4 milyard 430,2 milyon manat olan ipoteka portfeli bu ilin iyununda 4 milyard 724,5 milyon manata çatıb. Artım 294,3 milyon manat və ya 6,6 faiz olub. Mərkəzi Bankın təqdim etdiyi digər statistikaya görə, kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarında da artım davam edib. 2026-cı ilin iyununda bankların kredit qoyuluşu 4 milyard 296,3 milyon manat təşkil edib.

Bunun 1 milyard 349,6 milyon manatı qısamüddətli, 3 milyard 619,5 milyon manatı isə uzunmüddətli kreditlərin payına düşüb. Məlumatlardan görünür ki, uzunmüddətli kreditlər bank sektorunda üstünlüyünü qoruyur. İyun ayının yekunlarına əsasən, onların həcmi qısamüddətli kreditlərdən təxminən 2,7 dəfə çox olub. İstehlak kreditlərinin həcminin sürətlə artması əhalinin maliyyələşməyə çıxış imkanlarının genişləndiyini göstərsə də, bu dinamika ev təsərrüfatlarının borclanma yükünün də artdığını ortaya qoyur. Xüsusilə istehlak kreditlərinin artıq 10 milyard manat həddinə yaxınlaşması bazardakı borclanma meyillərinin gücləndiyini göstərən əsas göstəricilərdən biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki