Bu il Azərbaycanda orqan nəqli edilən və hazırda orqan nəqli üçün donor gözləyənlərin sayı açıqlanıb.
Referans Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, 2026-cı ilin əvvəlindən etibarən ümumilikdə 160-a yaxın orqan və toxuma transplantasiyası həyata keçirilib.
Məlumata görə, indiyə qədər 70-ə yaxın böyrək transplantasiyası, 30-dan çox qaraciyər transplantasiyası,1 ürək transplantasiyası, 40-a yaxın sümük iliyi transplantasiyası, 20-dən çox buynuz qişa transplantasiyası icra edilib.
Mərkəz son bir ayda icra edilən orqan nəqli ilə bağlı məlumat da təqdim edib.
"Son bir ay ərzində ümumilikdə 11 nəfərə orqan və toxuma transplantasiyası həyata keçirilib. Belə ki, 3 nəfərə böyrək transplantasiyası, 2 nəfərə sümük iliyi transplantasiyası, 6 nəfərə buynuz qişa transplantasiyası edilib.
Hazırda Azərbaycanda neçə nəfər orqan və toxuma transplantasiyasına ehtiyac duyur?
Mərkəzin məlumatına görə, hazırda Azərbaycanda ümumilikdə 1 500-ə yaxın şəxs orqan və toxuma transplantasiyasına ehtiyac duyur:
"550-dən çox şəxs böyrək transplantasiyasına, 260-a yaxın şəxs qaraciyər transplantasiyasına, 50-yə yaxın şəxs ürək transplantasiyasına, 550-dən çox şəxs sümük iliyi transplantasiyasına, 70-ə yaxın şəxs buynuz qişa transplantasiyasına ehtiyac duyur".
Qeyd edilib ki, orqan donorluğu könüllü razılıq əsasında həyata keçirilir. Donor olmaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəsmi internet səhifəsindəki “Donor ol” bölməsi vasitəsilə müraciət edə bilərlər. Elektron müraciətin “SİMA İmza” ilə təqdim edilməsi mümkündür.
Orqan donorluğu transplantasiyaya ehtiyacı olan şəxslər üçün mühüm həyat şansı yaradır. Bu barədə qərarın yaxınlarla əvvəlcədən paylaşılması da vacibdir”.
