Zərdabda baş verən ağır yol qəzası bir daha magistral yollarda təhlükəsizlik məsələsini gündəmə gətirib. Hadisə nəticəsində 5 nəfərin yanaraq həyatını itirməsi yollarda qəza risklərinin nə dərəcədə ciddi olduğunu göstərir. Diqqətçəkən məqam qəzanın KİA markalı minik avtomobilinin traktorla toqquşduqdan sonra alışaraq yanmasıdır.
Belə qəzaların əsas səbəbi nədir: sürət həddinin aşılması və sürücü məsuliyyətsizliyi, yoxsa yolların planlaşdırılması və infrastruktur problemləri?
Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, 5 nəfərin ölümünə səbəb olan hadisə artıq ağır yol-nəqliyyat hadisəsi sayılır:
“İnfrastrukturun yaratdığı problemlər ümumilikdə hərəkətin təhlükəsizliyinə, nəqliyyat axınının səmərəliliyinə və müxtəlif istiqamətlərdə hərəkətinə mənfi təsir göstərir. Hər hansı yolda qəza baş verirsə, burada ilk növbədə iqlim şəraiti, işıqlandırma, sürət həddi, nəqliyyat vasitəsinin texniki sazlığı və ya ümumi nasazlığı kimi amillər nəzərə alınmalıdır. Bunlar qəza riskini yüksəldən səbəblərdir. Bu amillər bir-biri ilə qarşılıqlı təmasda olmaqla, nəqliyyat axınlarının idarə edilməsində nəzərə alınması zəruri olan məsələlərdir. Ona görə də bu gün nəqliyyat axınlarının idarə edilməsində bu faktorlara xüsusi diqqət yetirmək lazımdır”.
A.Əsədov bildirib ki, texniki nasazlığın aradan qaldırılması çətin olan nəqliyyat vasitələrinin sahibləri həmin nəqliyyat vasitələrindən istifadə etməməlidirlər:
“Belə nəqliyyat vasitələrinin hərəkəti həm yol hərəkətinin təşkili baxımından ciddi problemlər yaradır, həm də insan həyatı üçün təhlükə törədir. Ən yaxşısı həmin vasitədən istifadə etməməkdir. Yəni maşında nasazlıq olduğunu bilirsənsə, başqa nəqliyyat vasitəsi ilə getmək olar. Öz həyatını, yoldaşlarını, dostlarını, qohumlarını, övladlarını və ailə üzvlərini göz görə-görə təhlükəyə atmaq olmaz”.
