Azərbaycanda qandonduran ənənə – analar oğullarına görə özlərini belə qurban verirlər backend

Azərbaycanda qandonduran ənənə – analar oğullarına görə özlərini belə qurban verirlər 

  Sabirabadda oğlan övladı arzusuna görə hamilə qalan 33 yaşlı Şəbnəm Kərimova doğuş zamanı həyatını itirib. Hadisə cəmiyyətdə hələ də kök salmış gender ayrı-seçkiliyinin, oğlan uşaqlarına verilən üstünlüyün acı nəticəsini bir daha gündəmə gətirib. Xəstəxanadan verilən məlumata görə, iki qız anası olan Şəbnəm daha əvvəl də hamilə qalıb. Uşaq qız olduğu üçün abort etdirib. Bu, onun dördüncü hamiləliyi olub. Oğul arzusunda olan ana, bu sevincə çata bilmədən vəfat edib. Gender ayrı-seçkiliyi, cinsə görə abortlar və sosial təzyiqlər cəmiyyətdə hələ də ciddi problemdir. Ekspertlər düşünür ki, belə halların qarşısını almaq üçün geniş maarifləndirmə və qadınların qərarvermə hüququnun gücləndirilməsi vacibdir.

Oğlan övladı arzusunun qədim kökləri var. Oğul övladları tarixən ananı, ailəni, himayə edib, vətəni yadellilərdən qoruyub, müharibələrdə iştirak edib, dövlət idarəçiliyində rol alıb, soyadın davamçısı kimi qəbul olunub. Əslində, bir ailədə ən azı iki oğlan və iki qız uşağının böyüməsi güclü ailə modeli baxımından sağlam balans hesab olunur. Lakin bu gün də qız övladı doğulduqda bir çox ailələrdə məyusluq yaranır. Oğlan övladına sahib olmaq üçün qadınlar bəzən ciddi fədakarlıqlara gedirlər.

Globalinfo.az Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.

Komitənin baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudov bildirib ki, son 10 il ərzində abortların artmasının bir neçə səbəbi var:

“Abortların yaş kateqoriyası üzrə bölgüsünə diqqət yetirsək, görərik ki, bu, 25-34 yaş arasında olan gənclər tərəfindən preventiv vasitə kimi daha çox tətbiq olunur. Bu yaş nikah yaşı dövrüdür. Nikah zamanı aparılan abortlar arzu olunmayan, planlaşdırılmamış və ananın həyatını təhlükə altına qoyan hamiləliyin nəticəsində baş verə bilər. Belə halların mövcudluğu onu göstərir ki, bu gün gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı bilikləri azdır. Bu mövzularda məlumatlandırma və maarifləndirmə işlərinin daha güclü formada aparılmasına ehtiyac var və aborta müraciət edən şəxslər yalnız alternativ variant olmadığı halda bu yola əl atmalıdırlar”.

R.Mahmudov deyib ki, abortun digər səbəbi cəmiyyətdə hələ də mövcud olan stereotiplərdir:

“Bu stereotiplər ailədə oğlan uşaqlarına verilən üstünlük və istəkdir. Beynəlxalq təcrübəyə baxsaq, ana bətnində olan dölün cinsiyyətinin müəyyən edilməsinin hüquqi cəhətdən qadağan edildiyi ölkələr var. USM (ultrasəs müayinəsi) tibdə tətbiq olunmağa başladıqdan sonra bir sıra ölkələrdə selektiv abortların artdığı müşahidə olunub. Azərbaycanda isə bu gün hər 100 qız uşağına 113 oğlan uşağı düşür. Halbuki normal göstərici 100 qız uşağına 102–104 oğlan uşağıdır. USM-nin əsas funksiyası ananın və dölün sağlamlığını izləməkdir, lakin bəzi valideynlər sadəcə cinsiyyəti öyrənmək məqsədilə bu müayinəyə müraciət edirlər”.
Mütəxəssis qeyd edib ki, həkimlərə dölün cinsiyyətini bildirməməklə bağlı tövsiyələr verilir:

“Əgər USM müayinəsi aparan həkimlərə dölün cinsinin bildirilməsinə qadağa qoyulsa, bu, selektiv abortların qarşısını almağa və cins nisbətini sabitləşdirməyə kömək edə bilər. Adətən 12-ci həftəyə qədər aborta icazə verilir, dölün cinsiyyəti isə məhz bu dövrdən sonra müəyyən olunur. 12–22-ci həftələr arasında isə abort yalnız tibbi və ya sosial səbəblərə görə aparılır. “Hamilə, doğan və zahı qadınlara göstərilən tibbi yardım, abortlar və kontrasepsiya haqqında” 32 nömrəli rəsmi statistika hesabatında abort olunan dölün cinsiyyəti göstərilmir. Halbuki bu göstəricinin əlavə olunması, selektiv abortların səbəbləri barədə daha dəqiq təsəvvür formalaşdıra bilər”.

Rafiq Mahmudov əlavə edib ki, abortların digər səbəbi isə ailədaxili məsələlərə kənar müdaxilədir:

“İlk uşağın oğlan olması ilə bağlı gənc analar ciddi psixoloji təzyiqlərə məruz qalırlar ki, bu da yolverilməzdir. Abortlar qadınların səhhətinə zərər verməklə yanaşı, həyatları üçün təhlükə də yaradır. Selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işləri davamlı şəkildə aparılmalı, cəmiyyətdə formalaşmış yanlış fikirlər və stereotiplər aradan qaldırılmalıdır. Komitə bu məqsədlə gender bərabərliyi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzularında mütəmadi layihələr və görüşlər keçirir, bu işlər sistemli şəkildə davam etdirilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki