Samux rayonu və kəndlərində yas mərasimləri ilə bağlı qadağa bir sıra məsələləri gündəmə gətirib. Əksəriyyət ölkə üzrə ehsan süfrələrinin ləğv edilməsini təklif edir, bununla da, israfçılığın qarşısının alına biləcəyini vurğulayır. Məlumata görə, hazırda Naxçıvanda, Bakının bir sıra kəndlərində, o cümlədən Balaxanıda, Şirvan zonasında, Qazax, Şəmkir, Tovuzda yasla əlaqəli qaydalar tamamilə dəyişdirilib, təmtəraqlı ehsan süfrələri yığışdırılıb.
Bakı, Sumqayıt və Gəncə şəhərlərində də oxşar addım atıla bilərmi? Böyük şəhərlərdə yasda ehsan verilməsi niyə qadağan edilmir?
Referans xeber verir ki, globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, ehsan qadağası ilə bağlı olan təşəbbüslər təqdirəlayiqdir:
“Bu, birbaşa israfa yönəlmiş məsələdir. Ümumiyyətlə, bu mövzuya cəmiyyətin mədəni təbəqəsi diqqət yetirməlidir. Qədimdən bəri insanlar həyatlarını asanlaşdırmaq üçün inkişaf edir. Yeganə dövlət Azərbaycandır ki, insanlar özünə rahatlıq yaratmaq istəmir. Yas mərasimlərində ehsan verilməsi din, adət-ənənə adı altında cəmiyyətə zorla qəbul etdirilir. “Qonşudan geri qalmaq” qorxusu və rəqabət insanları ən təmtəraqlı ehsanları verməyə sövq edir. İsrafı yaradan özümüzüksə, onu aradan qaldırmaq da yalnız bizim əlimizdədir”.
Millət vəkilinin sözlərinə görə, dövlətin ehsan qadağası barədə qərarını gözləmək doğru deyil:
“Bakının bir çox kəndlərində artıq sadə yas mərasimlərinə keçid edilib. Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə isə qohum-əqrəba, ağsaqqallar və sakinlər bir araya gələrək mənasız adətdən xilas olmaq haqda özləri qərar verməlidirlər. Bu qədər xərclərə nə ehtiyac var? Ölünün xatirəsi unudulur, insanlar yalnız yemək barədə düşünür. Belə məsrəflərdən qurtulmaq cəmiyyətin əlindədir, çünki ehsan mərasimləri artıq izafi və lazımsız xərcdir”.