Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi? -Hər kəsi dəhşətə gətirən fakt backend

Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi? -Hər kəsi dəhşətə gətirən fakt 

Çingiz Qənizadə: “Cəzaçəkmə müəssisələrində belə halın baş verməsi mümkün deyil, inandırıcı görünmür”

Ötən gün Bakıda 12 yaşlı qızın həbsxanada atalığı tərəfindən cinsi zorakılığa məruz qoyulması xəbəri bütün cəmiyyəti silkələdi. Bununla bağlı məlumatı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb.

O bildirib ki, azyaşlının anası ikinci dəfə məhbus həyatı yaşayan şəxslə həbsxanada nikaha girib. Qadın qızlarının 11 və 6 yaşı olarkən onları 3 gün cəzaçəkmə müəssisəsində qalmaq üçün özü ilə birgə ora aparıb. K. Ağazadə qeyd edib ki, 12 yaşlı qız həbsxanada atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Birlik sədrinin sözlərinə görə, hazırda 12 yaşı olan qız 7 yaşlı bacısının anasının əlindən alınmasını istəyir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Musavat.com-a bildirib ki, azyaşlı ilə bağlı məlumat əldə edilən kimi dərhal Dövlət Komitəsi tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.

“Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixososial yardım göstərilir. Onu da qeyd edim ki, ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir. Bundan əlavə, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir. İstintaq tədbirlərinin yekunundan sonra ictimaiyyətə müvafiq məlumatlar veriləcək”, – T.Mərdanoğlu bildirib.

Bəs cinayətkarı əlavə hansı cəza gözləyir? Baş vermiş hadisəyə görə qızın anası valideynlik hüququndan məhrum edilə bilərmi? Ümumiyyətlə, həbsxanada görüşdə olan məhkumun azyaşlı qızı zorlaması nə qədər mümkündür?

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, həmçinin Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb: “Əvvəlcə qeyd edim ki, Ədliyyə Nazirliyində İctimai Şuranın sədri olaraq biz mütəmadi olaraq cəzaçəkmə müəssisələrində monitorinqlər keçiririk. O cümlədən monitorinqlər zamanı görüş otaqlarına da baş çəkirik. Cəzaçəkmə müəssisələrində həm çoxmüddətli – 3 günlük ailə görüş otaqları, həm də qısamüddətli görüş yerləri var. Bu 3 günlük ailəvi görüş otaqları elə şəraitdədir ki, burada hansısa formada ailə üzvlərindən birinin – məsələn, atalıq olan şəxsin anası ilə nikaha girməsindən sonra zorakılıq etməsi inandırıcı deyil”.

Ç.Qənizadənin fikrincə, əgər bu görüş baş tutubsa və onlar 3 gün ərzində həmin otaqda birlikdə olublarsa, nəzərə alınmalıdır ki, bu, yalnız bir otaqdan ibarətdir və oradakı şərait elədir ki, zorakılıq halları faktiki olaraq qeyri-mümkündür: “Belə hal yalnız o zaman mümkündür ki, ana özü buna razılıq versin və şərait yaratsın. Ona görə bu informasiyanın tam dəqiqləşdirilməsi və araşdırılması vacibdir. Cəzaçəkmə müəssisəsində belə bir halın olması hazırda mənə inandırıcı görünmür”.

Çingiz Qənizadə: Aprel döyüşləri tarixi Qələbəyə aparan yolun başlanğıcıdır

Hüquq müdafiəçisi daha bir məsələni vurğulayır: “Uzunmüddətli görüş zamanı qapılar arxadan bağlanmır. Yəni məhkum özü də o qapını arxadan bağlaya bilmir. Çünki elə bir hadisə baş verə bilər ki, məsələn, uzunmüddətli görüşdə olan ər-arvad arasında mübahisə düşə bilər, ər arvada qarşı zorakılıq etmək, onu vurmaq və ya daha pis niyyət göstərmək istəyər. Bu kimi halların qarşısını almaq üçün qapılar bağlanmır və dəhlizdə növbətçi nəzarətçilər olur. Əgər orada hər hansı zorakılıq və ya səs-küy baş versəydi, nəzarətçilər bunu mütləq eşidərdi.

Ola bilər ki, ana ilə ata arasında hansısa münasibət pozulub və bu səbəbdən ana uşağı öyrədərək ondan qisas almaq üçün bu yola əl atıb. Əgər ana məhkum həyatı yaşamış biri ilə – özü də cəzaçəkmə müəssisəsində olan şəxslə – nikaha giribsə və iki qız övladını böyüdən ana bu addımı atıbsa, burada ilk növbədə ananın yanlış qərarı önə çıxır”.

Ç.Qənizadə hesab edir ki, heç bir ana öz 12 yaşlı uşağının əri olan bir kişi ilə münasibətinə şərait yaratmaz: “Bu, dəhşətdir. Bu faktın araşdırılması üçün mən düşünürəm ki, rəsmi cavablar gözlənilməlidir.

Lakin doğrudan da cəza çəkən şəxs zorakılıq edibsə, təbii ki, onun barəsində cinayət işi açılacaq, əgər bu, sonradan baş veribsə, yenidən məsuliyyətə cəlb oluna bilər. Ana buna şərait yaradıbsa, o da müvafiq maddələrlə məsuliyyətə cəlb olunmalıdır. Amma ümumilikdə mən belə bir faktın baş verməsinə inanmıram.

Hər halda, məsələ araşdırılmalıdır. Rəsmi cavab olmadan hüquq-mühafizə orqanları tərəfindən hər kəsin fərziyyə irəli sürməsi və fikir bildirməsi düzgün deyil”.

Çingiz Qənizadə bu cür informasiyanı yaydığına görə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəni sərt tənqid edib: “Kəmalə Ağazadənin bu davranışını təqdir etmirəm. Əgər belə bir hadisə baş veribsə, hüquq-mühafizə orqanlarına müraciət edib rəsmi cavabı gözləməli idi. Onu ictimailəşdirməməliydi. Tələsik şəkildə, rəsmi açıqlama olmadan bu cür informasiyaların mətbuata ötürülməsi bu gün ədliyyə orqanlarında, penitensiar xidmətdə aparılan islahatlara kölgə sala bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki