Azərbaycanda kazinolara rəsmi şəkildə icazə verildi. Xəzər dənizinin süni qurudulmuş ərazilərində belə əyləncə mərkəzlərinin tikilməsi və fəaliyyət göstərməsi qanunla təsdiqlənib. Məsələ gündəmə gələn kimi, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli yada düşüb. Çünki o, illər əvvəl həmin ərazidə kazino tikmək niyyətini bir neçə dəfə bəyan edib.
İbrahim Nehrəmlinin rəhbərliyi ilə həyata keçirilən “Xəzər adaları” layihəsi isə Beynəlxalq Banka olan borcun əvəzində dövlətin balansına – Azərbaycan Sənaye Korporasiyasına (ASC) verilib. Layihənin dəyəri əvvəlcə 720 milyon manat qiymətləndirilib. Sonradan “Xəzər adaları” layihəsi “Aqrarkredit” vasitəsilə ASC-yə keçib. İ.Nehrəmli bildirib ki, ona olan borclar tam bağlanıb və artıq heç bir maliyyə öhdəliyi qalmayıb.
Layihənin gələcək inkişafı və dövlət tərəfindən necə idarə olunacağı barədə suallar isə hələ də açıq qalır. Hazırda “Xəzər adaları” layihəsinin hansı dövlət qurumunun balansında olduğu və həmin ərazidə yeni tikinti işlərinin mümkünlüyü maraq doğurur.
Orda tikinti aparmaq mümkün olacaqmı?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Xəzər dənizinin süni qurudulmuş hissələrində qanunvericiliyə əsasən kazino fəaliyyətinə icazə verilib.
Onun sözlərinə görə, bu ərazilərdən biri də Hacı İbrahim Nehrəmlinin əsasını qoyduğu “Xəzər adaları”dır:
“Həmin ərazidə müəyyən işlər görülsə də, sonradan böyük maliyyə öhdəlikləri səbəbindən layihə Hacı İbrahim Nehrəmlidən alınaraq dövlət qurumunun balansına keçdi. Hazırda qeyd olunan ərazinin başqa bir sahibkara satılıb-satılmadığına dair dəqiq məlumat yoxdur. Ancaq kazino fəaliyyətinə icazənin verilməsi artıq gələcəkdə sahənin satılması üçün kifayət qədər maraq yarada bilər. Bununla maraqlanan sahibkarların olması gözlənilir, lakin oradakı öhdəliklərin böyük olduğu bildirilir. Hansı məbləğə satılacağı barədə isə bir söz deyə bilmərəm”.
Ramil Osmanlı əlavə edib ki, ərazi əvvəlcə “Aqrarkredit” QSC-nin balansına verilib:
“Sonradan hüquqlar Azərbaycan Sənaye Korporasiyasına (ASC) keçdi. ASC bu ərazini satışa çıxarmışdı, lakin onun son taleyi barədə dəqiq məlumat yoxdur. Bildiyim qədər, hələlik satılmayıb”.