Son illər sosial şəbəkələrdə uşaqların və yeniyetmələrin özlərini daim başqaları ilə müqayisə etməsi, daha uğurlu, daha gözəl və ya daha məşhur görünmək istəyi güclənib. Bəs virtual aləmdə yaradılan bu “ideal həyat” görüntüsü uşaqların özünəinamına, şəxsiyyətinin formalaşmasına və psixoloji sağlamlığına necə təsir edir? Bu təsirlərin gələcəkdə hansı davranış problemlərinə səbəb olma ehtimalı var?
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən uzman psixoloq, Odlar Yurdu Universitetinin müəllimi Şixəlizadə Nicat Rəşid oğlu bildirib ki, sosial şəbəkələrdə daimi müqayisə uşaqlarda “kifayət qədər yaxşı deyiləm” inancını formalaşdırır.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində valideynlərin tez-tez uşaqları “qonşunun uşağı” ilə müqayisə etməsi ənənəsi artıq virtual mühitdə qlobal miqyas alıb:
“Uşaq artıq təkcə sinif yoldaşları ilə deyil, dünyanın istənilən yerindən ‘mükəmməl’ görünən həyatlarla müqayisə olunur”.
Psixoloq qeyd edib ki, bu proses dopamin əsaslı mükafatlandırma sisteminə də təsir göstərir:
“Həqiqi uğurlar artıq yetərincə xoşbəxtlik vermir, çünki standart süni şəkildə yüksəldilib. Bu isə anhedoniya, yəni xoş hissləri yaşaya bilməmə riskini artırır”.
Şixəlizadə vurğulayıb ki, yeniyetməlik dövründə şəxsiyyətin inteqrasiyası prosesi getdiyi üçün sosial şəbəkələrdə müxtəlif rollar oynamaq əlavə problemlər yarada bilər:
“Məsələn, evdə utancaq olan bir yeniyetmə onlayn mühitdə ‘influencer’ obrazı yarada bilər. Bu isə dissosiasiyaya səbəb olur. Uşaq düşünür ki, onun həqiqi şəxsiyyəti heç kimi maraqlandırmayacaq və zamanla virtual personajını öz həqiqi kimliyi kimi qəbul etməyə başlayır”.
Ekspertin sözlərinə görə, Azərbaycan ailələrində duyğuların açıq ifadəsi hələ də müəyyən qədər tabu hesab olunduğundan, uşaqlar emosional ehtiyaclarını sosial şəbəkələrdəki bəyənmələr vasitəsilə qarşılamağa çalışırlar:
“Bu vəziyyət sərhəd pozuntularına gətirib çıxara bilər. İnsan özünü başqalarının təsdiqinə həddindən artıq bağlayır”.
Psixoloq hesab edir ki, virtual “ideal həyat” modeli təkcə uşağın özünəinamını zədələmir, həm də şəxsiyyətin formalaşması prosesini daxili dəyərlərdən uzaqlaşdırır:
“Uşaq ‘kim olmaq istəyirəm?’ sualına cavabı öz daxili dünyasında deyil, xarici təsdiqlərdə axtarmağa başlayır. Gələcəkdə bu, emosional boşluq yaşayan, real bağlılıqlar qura bilməyən və daimi performans təzyiqi altında yaşayan yetkinlər nəslinin formalaşmasına səbəb ola bilər”.
Şixəlizadə əlavə edib ki, bu prosesin ən təhlükəli tərəfi onun nəticələrinin dərhal görünməməsidir:
“Bu gün 12 yaşında bəyənmə sayına görə sevinən və ya kədərlənən uşaq, 25 yaşında öz dəyərini yalnız xarici təsdiqlərlə ölçən bir yetkinə çevrilə bilər. Bu isə həm onun şəxsi həyatını, həm də cəmiyyətə faydalı üzv kimi formalaşmasını ciddi şəkildə məhdudlaşdıracaq”.
