image-zelzele_2backend

Azərbaycanda zəlzələ həyəcanı: Qurban Yetirmişli hər kəsi maraqlandıran suala RƏSMİ CAVAB VERDİ

Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub. 

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsafədə qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad və Neftçala rayonlarında 3–4 bal gücündə hiss olunub. Yeraltı təkanlar isə təxminən 70 km dərinlikdə qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, baş verən ikinci zəlzələnin maqnitudası 3.2 olub, dərinliyi isə 20 km təşkil edib.

Referans Media xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Cebhinfo.az”-a açıqlamasında bildirib ki, enerjinin mərhələli şəkildə boşalması baş verdikdə, daha güclü zəlzələlərin təsiri nisbətən azalır:

 

“Xəzər dənizində baş verən 5.3 maqnitudalı zəlzələ narahatlıq üçün əsas yaratmamalıdır. Zəlzələnin təxminən 70 km dərinlikdə qeydə alınması onun təsir gücünü xeyli azaldır. Buna görə də Xəzərə yaxın ərazilərdə 3–4 bal gücündə hiss olunması normal hal hesab edilir. 

5.3 maqnitudalı zəlzələdən sonra 3.1 və 3.2 maqnitudalı zəif yeraltı təkanların baş verib. Amma bu kimi zəif təkanlar yeraltı enerjinin tədricən boşalması ilə bağlıdır və bəzən hiss olunmaya da bilər. 

Enerjinin mərhələli şəkildə boşalması baş verdikdə, daha güclü zəlzələlərin təsiri nisbətən azalır. Bu səbəbdən belə təkanların hiss olunması, əgər baş versə belə, təhlükəli hesab edilmir”.O qeyd edib ki, güclü zəlzələ gözlənilmir:

“Xəzər dənizində bu tip seysmik aktivliklər müəyyən dövrlərlə müşahidə edilir və adətən ətraf rayonlarda hiss olunur. Bu, region üçün xarakterik təbii prosesdir. Ümumilikdə isə hazırkı seysmik vəziyyət Azərbaycanda ciddi təhlükə yaratmır və əhali arasında narahatlıq üçün əsas yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki