Həkimləri SEVİNDİRƏCƏK XƏBƏR: Rayonlarda çalışanlara xüsusi maaş və dəstək VERİLƏCƏK

Azərbaycanda paytaxt və regionlar arasında həkim təminatı sahəsində mövcud olan fərqlər uzun illərdir müzakirə olunan əsas problemlərdən biridir. Xüsusilə ixtisaslı həkimlərin regionlarda fəaliyyət göstərmək istəməməsi səhiyyə xidmətlərinin keyfiyyətinə də təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, problemin həlli üçün həm dövlət dəstəyi gücləndirilməli, həm də həkimlər üçün yeni stimullaşdırıcı mexanizmlər yaradılmalıdır.

Tibb elmləri doktoru Adil Qeybulla Referans Media-ya açıqlamasında bildirib ki, dünyada həkimlərin əhali sayına uyğun bölgüsü prinsipi tətbiq olunur və Azərbaycan da bu istiqamətdə sistemli yanaşmanı gücləndirməlidir.

Onun sözlərinə görə, beynəlxalq praktikada müəyyən sayda əhaliyə uyğun olaraq cərrah, terapevt və digər ixtisas həkimlərinin fəaliyyəti nəzərdə tutulur. Lakin bütün ixtisas həkimlərini hər rayonda cəmləşdirmək mümkün olmadığından regional tibb mərkəzlərinin yaradılması daha məqsədəuyğun hesab edilir.

Adil Qeybulla qeyd edib ki, hazırda ölkədə cənub və şimal zonalarında bəzi rayonların regional tibbi mərkəz kimi fəaliyyət göstərməsi bu yanaşmanın nümunəsidir. Bununla belə, regionlarda həkim çatışmazlığı probleminin hələ də tam həll olunmadığını vurğulayıb.

Ekspertin fikrincə, həkimlərin rayonlarda işləməsinə marağın artırılması üçün xüsusi stimullaşdırıcı tədbirlər görülməlidir.

"Heç kim öz istəyi ilə rayonda işləməyə getməyəcək. Bunun üçün əməkhaqqı fərqli hesablanmalı, əmək stajına əlavə üstünlüklər verilməli, kommunal güzəştlər tətbiq olunmalıdır. Həkim hiss etməlidir ki, ona xüsusi münasibət göstərilir. Bu halda regionlarda işləməyə üstünlük verənlərin sayı da artacaq", – deyə o bildirib.

Adil Qeybulla əlavə edib ki, Azərbaycanda rezidentura sistemi fəaliyyət göstərir və son illər çoxlu sayda mütəxəssis, xüsusilə Türkiyədə təhsil almış həkimlər ölkəyə qayıdır. Onun fikrincə, bu potensialdan regionların inkişafı üçün daha səmərəli istifadə etmək mümkündür.

Tibb elmləri doktoru 65 yaşını tamamlamış həkimlərin məcburi qaydada pensiyaya göndərilməsinin də doğru yanaşma olmadığını bildirib.

"Əgər həkim işləmək istəyirsə və əmək qabiliyyətini qoruyub saxlayırsa, onun fəaliyyətini davam etdirməsinə şərait yaradılmalıdır. Bu həkimlər regionlarda çalışaraq həm əhaliyə xidmət göstərə, həm də gənc həkimlərlə təcrübələrini bölüşə bilərlər. Beləliklə, mövcud kadr resurslarından daha səmərəli istifadə etmək mümkün olar", – deyə Adil Qeybulla vurğulayıb.

Ekspert hesab edir ki, səhiyyə sisteminin inkişafı yalnız Bakı ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, regionlarda tibbi xidmətlərin keyfiyyəti mərhələli şəkildə paytaxt səviyyəsinə çatdırılmalıdır.

Adil Qeybulla bildirib ki, Bakıda həkim sıxlığı yüksək olsa da, bunun əsas səbəblərindən biri ölkə əhalisinin böyük hissəsinin paytaxtda cəmləşməsidir. Bu səbəbdən regionlarda yaşayış və iş şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil və infrastrukturun inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.

Ekspertin fikrincə, yalnız bu halda regionlarda həkim çatışmazlığı problemini aradan qaldırmaq və ölkə üzrə daha balanslı səhiyyə sistemi formalaşdırmaq mümkün olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki