Sumqayıtda DƏHŞƏT: bağçada uşaq vəhşicəsinə döyüldü - VİDEO

Sumqayıtda “Nauka Tədris Mərkəzi” adlı özəl məktəbəqədər təhsil müəssisəsində azyaşlının müəllim tərəfindən döyüldüyü iddia edilir.

Referans Media xəbər verir ki, bu barədə uşağın valideyni sosial şəbəkədə paylaşım edib.

Valideyn paylaşımında övladının bədənində xəsarət izlərinin olduğunu bildirib və uşağın müəllim tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edib.

“Uşağın bədəninin hər yerində izlər var. Gah müəllimin onu boğduğunu deyir, gah döydüyünü deyir. Görün balaca uşağa nə ediblər. Mənim uşağımı çubuqla döyüb. Bir müəllim uşağı niyə bu vəziyyətə qoymalıdır?”

Valideyn bildirib ki, övladları 7 aydır həmin bağçaya gedib və bu müddət ərzində tələb olunan ödənişlər vaxtında edilib.

“Bu videoda gördüyünüz uşağın valideyni mənəm. Övladlarım Tunar və Alisa bu bağçaya gediblər. Mən onları bu mərkəzə yalnız təhsil məqsədilə göndərmişdim. Müəllimə haqqında müsbət fikirlər eşitmişdim və oğlum rus bölməsinə hazırlaşdığı üçün vaxtımız da çox az idi. Mərkəzin rəhbərliyi ilə danışanda mənə bildirildi ki, cəmi altı ay ərzində övladımı məktəbə tam hazırlayacaqlar və hətta məktəbə qəbul olunmasına zəmanət verdilər.Təəssüf ki, hər şey deyilənlərin tam əksi oldu. Uşağım nəinki məktəbə hazırlaşmadı, əksinə, həm psixoloji zərbə aldı, həm də fiziki şiddətə məruz qaldı. Nəticədə məktəbə də qəbul ola bilmədi. Bütün ödənişlərimi vaxtında etmişəm. Hətta istifadə etməyəcəyim avqust ayının ödənişini belə əvvəlcədən etmişdim. Buna baxmayaraq, həmin məbləği bu günə qədər geri qaytarmaqdan imtina edirlər”.

Valideyn, həmçinin bağçada əvvəllər də uşaqlara qarşı zorakılıq və digər problemlərlə bağlı iradlarını rəhbərliyə bildirdiyini, lakin nəticə olmadığını qeyd edib:

“Mən dəfələrlə bağçada mövcud olan antisanitar vəziyyət, qidaların hazırlanması və saxlanılması ilə bağlı ciddi iradlarımı bildirmişdim. Hər dəfə mənə “problem aradan qaldırılıb”, “həmin müəllim işdən çıxarılıb” kimi cavablar verirdilər. Sonradan öyrəndim ki, bunların heç biri doğru deyilmiş. “İşdən çıxarıldı” deyilən əməkdaşlar sadəcə başqa filiala keçirilib və ya müvəqqəti məzuniyyətə göndərilib.

Ən ağrılı məqam isə odur ki, mən əvvəllər də orada başqa uşaqlara qarşı zorakılıq halları gördüyüm üçün açıq şəkildə xəbərdarlıq etmişdim. Demişdim ki, mənim övladıma kimsə əl qaldırarsa, bunun qarşısında susmayacağam. Buna baxmayaraq, mənim xəbərdarlıqlarıma və dəfələrlə etdiyim müraciətlərə məhəl qoyulmadı və nəticədə mənim övladlarım da həmin bağçada şiddətə məruz qaldılar.

Mən bu mərkəzin fəaliyyətini davam etdirməsini istəmirəm. Bir valideyn kimi ən böyük peşmanlığım odur ki, ilk şübhələr yarandığı anda övladlarımı oradan çıxarmadım. Bunu oxuyan bütün valideynlərə səslənirəm: xahiş edirəm, mənim yaşadıqlarımı siz yaşamayın. Övladlarınızın təhlükəsizliyi hər şeydən önəmlidir. Heç bir vəd, heç bir reklam və heç bir söz övladınızın sağlamlığından önəmli deyil”.

Daha sonra valideyn bağçanın instaqram səhifəsi olduğu bildirilən hesabla yazışdığı ekran görüntülərini ictimailəşdirib. Həmin yazışmada baş verənlərə görə valideyndən üzr istənilib və barışıq olması xahiş edilib.

Valideyn məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib. O, müəllimlər İlhamə, Ayşən və Röya, eləcə də müəssisə rəhbəri Pərvanə Vaqifovanın məsuliyyət daşıdığını iddia edib.

Məsələ ilə bağlı “Nauka Tədris Mərkəzi” ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı./bakupost.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki