Türkiyənin Çorum şəhərində dəhşətli ailə faciəsi baş verib. Gökhan Özdemir boşanma mərhələsində olduğu həyat yoldaşı Esin Özdemiri üç övladının gözü qarşısında silahla öldürüb. Hadisədən sonra evə qapanan şəxs təxminən 9 saat davam edən danışıqlardan sonra intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Referans Media xəbər verir ki, hadisə Çorum şəhərinin Bahçelievler məhəlləsində, Çamlık küçəsində qeydə alınıb. Məlumata görə, Gökhan Özdemir həyat yoldaşını odlu silahla vuraraq öldürüb. Həmin vaxt cütlüyün üç övladı da evdə olub.
Hadisə barədə 112 qaynar xəttinə məlumat verildikdən sonra əraziyə polis və tibbi yardım briqadaları göndərilib. Evə qapanan Gökhan Özdemir əvvəlcə övladlarının çölə çıxmasına icazə verməyib. Bir müddət sonra uşaqların evdən çıxmasına şərait yaradılıb. Polis əməkdaşları üç uşağı təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırıblar.
Hadisə yerinə Çankırıdan xüsusi təyinatlı polis qüvvələri də cəlb olunub. Təhlükəsizlik tədbirləri gücləndirilib və şəxsin təslim olması üçün danışıqlara başlanılıb. Təxminən 9 saat davam edən cəhdlərə baxmayaraq, Gökhan Özdemir təslim olmayıb. O, intihara cəhd edərək ağır yaralanıb.
İlkin tibbi müdaxilədən sonra xəstəxanaya çatdırılan şəxsin həyati təhlükəsinin olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
