Şəhərlərdə şəxsi avtomobillərdən istifadənin artması nəqliyyat sıxlığının əsas səbəblərindən biri olaraq qalır. Ekspertlər hesab edirlər ki, vətəndaşların ictimai nəqliyyata üstünlük verməsi üçün ilk növbədə bu sahəyə inam artırılmalı, marşrutların hərəkət qrafiki və intervalı düzgün təşkil edilməlidir.
Nəqliyyat eksperti Aslan Əsədov Referans Media-ya açıqlamasında ictimai nəqliyyatın şəhər infrastrukturundakı rolundan danışıb. Ekspert bildirib ki, vətəndaşların ictimai nəqliyyatdan uzaqlaşmasının əsas səbəblərindən biri xidmətlərin yetərincə etibarlı və səmərəli olmaması ilə bağlı yaranan inamsızlıqdır.
“Vətəndaş inamını qazanmaq lazımdır”
Aslan Əsədovun sözlərinə görə, ictimai nəqliyyat ümumi şəhər infrastrukturunun əsas elementlərindən biridir və onun səmərəliliyinin əsas göstəricilərindən biri vətəndaş inamının qazanılmasıdır.
“İctimai nəqliyyat ümumi şəhər infrastrukturlarından biridir. İctimai nəqliyyatın sadə və vahid meyarlarından biri vətəndaş inamının qazanılmasıdır. Bu gün kütləvi avtomobilləşmənin də səbəblərindən biri kütləvi inamın olmamasıdır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, vətəndaşlar arasında marşrutların düzgün işləməməsi və nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkət etməməsi ilə bağlı fikirlər geniş yayılıb. Bu səbəbdən ictimai nəqliyyatın fəaliyyətinin təşkili və nəzarəti daha effektiv qurulmalıdır.
Marşrutların qrafiki və intervalı əsas məsələdir
Ekspert qeyd edib ki, ictimai nəqliyyatın cəlbediciliyinin artırılması üçün bir neçə mühüm amil eyni vaxtda nəzərə alınmalıdır.
“Bunun üçün də vətəndaşlar birbaşa hərəkətin təşkilində bu və digər prosesləri yaxından izləməlidirlər. Misal üçün, nəqliyyat vasitələrinin hərəkət qrafiki, onların rentabelli olması, intervalın təyini, onların bu və digər formada rəqabətliliyinin təmin olunması — bunlar hamısı birlikdə başlıca mühüm məsələlərdir”, – deyə Aslan Əsədov vurğulayıb.
O bildirib ki, ictimai nəqliyyatın rahat, əlçatan və vaxt baxımından etibarlı olması vətəndaşların şəxsi avtomobildən imtina edərək alternativ nəqliyyat vasitələrinə üstünlük verməsinə şərait yarada bilər.
“Vətəndaşı ictimai nəqliyyata qaytarmaq lazımdır”
Aslan Əsədovun fikrincə, şəhər daxilində şəxsi avtomobillərdən təkbaşına istifadənin geniş yayılması həm nəqliyyat sıxlığını artırır, həm də ictimai nəqliyyatın ümumi səmərəliliyinə mənfi təsir göstərir.
“Vətəndaşı ictimai nəqliyyata qaytarmaq, vətəndaşı ictimai nəqliyyata həvəsləndirmək lazımdır. Yəni şəxsi avtomobil yalnız yolsuzluq, uzaq yerlər, məkanlar üçün lazım olmalıdır. Şəhər daxilində isə addımbaşı fərdi avtomobildən təkbaşına istifadə etmək düzgün deyil”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, şəxsi avtomobillərdən kütləvi istifadə ictimai nəqliyyatın nüfuzuna, hərəkət qrafikinə və ümumi rentabelliyinə də mənfi təsir göstərir.
İctimai nəqliyyatın üstünlükləri önə çəkilməlidir
Ekspert hesab edir ki, şəhər nəqliyyatının daha səmərəli təşkili üçün ictimai nəqliyyatın üstünlükləri əsas meyar kimi götürülməlidir. Bunun üçün marşrutların hərəkət intervalının optimallaşdırılması, qrafiklərin və xidmət keyfiyyətinin yaxşılaşdırılması, eləcə də vətəndaşların ictimai nəqliyyata olan etimadının gücləndirilməsi vacibdir.
Aslan Əsədovun fikrincə, vətəndaş ictimai nəqliyyatın vaxtında gəldiyinə, rahat və əlçatan olduğuna əmin olarsa, şəxsi avtomobildən istifadə etməkdənsə, ictimai nəqliyyata üstünlük verməyə daha çox meyil göstərəcək.
Beləliklə, şəhərlərdə nəqliyyat probleminin həlli yalnız yeni yolların salınması və avtomobillərin sayının artırılması ilə məhdudlaşmır. İctimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi, vətəndaş inamının bərpası və xidmətlərin daha düzgün təşkili də bu prosesin mühüm hissəsidir. Ekspertin sözlərinə görə, ictimai nəqliyyat vətəndaş üçün nə qədər rahat, etibarlı və cəlbedici olarsa, şəxsi avtomobillərdən asılılıq da bir o qədər azala bilər.
