backend

Bakıdan II Qareginlə bağlı Paşinyana dəstək

“Nikol Paşinyanın başlatdığı bütün ermənilərin katolikosu II Qaregini azad etmə prosesi Ermənistanla yanaşı, Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də biz prosesin ən qısa vaxtda yekunlaşmasını arzulayırıq”.

Referansaz.az xəbər verir ki , bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, Qaregin yalnız din xadimi deyil, eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinə ən çox əngəl olan, keçmiş münaqişəni körükləyən əsas şəxslərdən biridir. Qaregin də əslində Robert Köçərayn və Serj Sərkisyan kimi revanşistlərdəndir: “Təəssüflə qeyd etmək lazımdır ki, Erməni Kilsəsi uzun illərdir əslində dini qurum funksiyasını yerinə yetirməkdən çox müharibə partiyası rolunu üzərinə götürüb, sülhü deyil, müharibəni, terroru dəstəkləyib. Qareginin rəhbərliyi altında Kilsə faktiki olaraq siyasi müxalifət rolunu oynayır. Erməni xalqının beynini zəhərləyən, ruhunu pisliyə kökləyən, sülhə qarşı təbliğat aparan da məhz Qareginin başçılıq etdiyi Kilsədir. Nikol Paşinyan Ermənistana, erməni xalqına bəlalar gətirməyə davam etməkdə qərarlı görünən, sülhə mane olan Qaregin və onun kimilərini də bu problemdən xilas olmaq üçün kənarlaşdırmaq, zərərsizləşdirmək prosesini aparır”.

Deputatın sözlərinə görə, erməni Kilsəsinin təbliğatı və təsir imkanları o dərəcədə geniş olub ki, erməni xalqının ruhi, mənəvi, psixoloji durumuna silinməsi uzun illər çəkəcək təsirlər buraxıb:
“Paşinyan Ermənistanda bu günlərdə ruhi yenilənmə prosesinin baş verməkdə olduğunu böyük sevinc ilə qeyd edib. Bu izləri qısa müddətdə təmizləmək elə də asan deyil. Qaregin və onun kimilərini uzaqlaşdırmaq bu istiqamətdə ən vacib ilkin addımdır. Paşinyanın bu prosesi uğurla başa çatdırması Azərbaycanla münasibətlərin düzəlməsi və sülh müqaviləsinin imzalanmasına da ciddi müsbət təsirini göstərəcək. Yəqin ki, Qareginin yerinə gələcək şəxs Paşinyanın istədiyi adam olacaq və erməni xalqını müharibəyə, türkəfobiyaya deyil, sülhə, tolerantlığa çağıracaq. Qareginsiz Ermənistanla sülhə nail olmaq daha asan olacaq. Bütün ermənilərin katolikosu siyasətə qarışmamalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki