backend

“Beşiktaş”da Salih Özcan gündəmdədir 

Baş məşqçi Sərgən Yalçının transfer siyahısını təsdiqləyən “Beşiktaş” rəhbərliyi müəyyən edilən futbolçularla bağlı rəsmi danışıqlara başlayıb. Siyahıda sol cinah müdafiəçisi Jaouen Hadjam, milli yarımmüdafiəçi Salih Özcan, həmçinin mərkəz müdafiəçiləri Emmanuel Agbadou və Gustavo Martins əsas hədəflər kimi göstərilir.

Referans Media xəbər verir ki, Trendyol Superliqasının ilk yarısını gözləntilərdən uzaq başa vuran “Beşiktaş” Türkiyə Kubokunda “Fənərbaxça” üzərində qazanılan qələbə ilə bu turnirdə iddialı olduğunu nümayiş etdirib. Derbidə əldə edilən uğur baş məşqçi Sərgən Yalçının mövqeyini möhkəmləndirib və camiaya əlavə motivasiya verib.

Məlumata görə, Futbol komandası üzrə baş koordinator Serkan Reçberlə birlikdə uzun müddətdir transfer axtarışlarını davam etdirən Yalçın rəhbərliyə siyahısını təqdim edib. Təcrübəli mütəxəssis sol cinah müdafiəçisi, sol stoper, 6–8 mövqelərində oynaya bilən yarımmüdafiəçi, hücumçu və 23 yaşadək iki gənc legionerin transferini istəyib.

Qış transfer pəncərəsində heyəti gücləndirməyi planlaşdıran “Beşiktaş” rəhbərliyi bu siyahıya razılıq verib və danışıqlara start verib. “Yanq Boyz” klubunda çıxış edən əlcəzairli sol bek Jaouen Hadjam və Dortmund “Borussiya”sının futbolçusu Salih Özcan əsas hədəflər sırasındadır. Hadjamın satınalma şərti ilə icarəyə götürülməsi, mövsümün sonunda müqaviləsi başa çatacaq Salih Özcanın isə azad agent kimi heyətə cəlb olunması planlaşdırılır.

Mərkəz müdafiəsi üçün isə iki namizəd ön plandadır. “Beşiktaş” “Vulverhempton”un futbolçusu, Fil dişi sahilli Emmanuel Agbadou və Braziliyanın “Qremio” klubunda çıxış edən Gustavo Martinslə ciddi şəkildə maraqlanır. Bildirilir ki, bu futbolçuların klubları və menecerləri ilə ilkin təmaslar qurulub və yaxın günlərdə konkret addımların atılması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki