Misli Premyer Liqasında qalmağı hədəfləyən “Qəbələ” heyətini gücləndirməkdə davam edir.
Referans Media xəbər verir ki, qış fasiləsində Seydina Keyta və İsmaheel Akinade ilə anlaşan “qırmızı-qaralar” daha bir əcnəbini hədəfə alıb.
Bölgə təmsilçisi müdafiənin sol cinahındakı boşluğu Fil Dişi Sahilinin U-23 millisinin üzvü Yannik Adyumani ilə doldurmaq niyyətindədir. “Qəbələ” rəhbərliyi İsveçin “Estersund” klubunun futbolçusu ilə danışıq aparır.
23 yaşlı oyunçunun İsveç klubu ilə müqavilə müddəti ilin sonuna qədər olsa da, Adyumaninin “Qəbələ”yə keçidi real görünür. Hazırda tərəflər arasında danışıqların son mərhələsi gedir.
Premyer Liqa təmsilçisi transferi 17-ci turda “Şamaxı” ilə keçiriləcək matça qədər yekunlaşdırmağa çalışır.
Qeyd edək ki, ölkəsinin “ASEC Mimosas” klubunun yetirməsi olan Yannik Adyumani İsveçdə “Hakken”in də formasını geyinib.























