image-michael-carrickbackend

Mançester Yunayteddə yeni dövr başladı: Maykl Kerrik müvəqqəti məşqçi oldu

Portuqaliyalı baş məşqçi Ruben Amorimlə yollarını ayıran Mançester Yunayted, mövsümün qalan hissəsi üçün müvəqqəti baş məşqçi olaraq Maykl Kerrik ilə razılığa gəlib.

Referans Media xəbər verir ki, Premyer Liqada köhnə günlərinə qovuşmağa çalışan Mançester Yunayted, keçən mövsüm komandaya gətirdiyi Ruben Amorim ilə istədiyi nəticəni əldə edə bilmədi. Klub rəhbərliyi yeni baş məşqçini mövsüm sonunda təyin etməyi planlaşdırır. Bu mövsümü isə Maykl Kerrikin rəhbərliyi altında tamamlamaq qərarı verilib.

Mövsümdən əvvəl Beşiktaşla yollarını ayıran Norveçli mütəxəssis Ole Qunnar Solskyerin müvəqqəti baş məşqçi üçün əsas namizəd olduğu iddia edilirdi. Lakin klub rəhbərliyi, Mançester Yunaytedin keçmiş əfsanəvi oyunçusu və baş məşqçisi olan Solskyeri bu dəfə seçmədi.

Daily Mail-in son xəbərinə görə, Maykl Kerrik, Ole Qunnar Solskyeri geridə qoyaraq Mançester Yunaytedin baş məşqçisi oldu. “Qırmızı şeytanlar” 48 saat ərzində müvəqqəti baş məşqçini rəsmi olaraq elan edəcək. Mançester Yunaytedin unutulmaz yarımmüdafiəçilərindən olan Kerrik bu gün şəhərə gələrək razılığa gəlib.

44 yaşlı Maykl Kerrik daha əvvəl klubda köməkçi məşqçi və 3 matçlıq müvəqqəti baş məşqçi kimi çalışmışdı. Onun ilk baş məşqçilik təcrübəsi isə Midlzbrou klubunda olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki