Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.
Referans Media xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.
Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.
Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin və barabanın müşayiətini özündə birləşdirir.
Daha sonra Vyetnamın rəmzi milli geyimi (Áo Dài) nümayiş olundu. Ənənəvi ipək parçalardan hazırlanmış, naxış və işləmələrlə bəzədilmiş milli geyimlər Vyetnamın müxtəlif dövrlərini əhatə edir.
Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olundu.











