Azərbaycan noyabrın 24-də parlamentdə müzakirəyə çıxarılacaq beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır. Sənədə əsasən, mülki və ya kommersiya işləri üzrə xarici ölkələrdə sübutların toplanması, o cümlədən əmlak və bank hesabları ilə bağlı məlumatların əldə edilməsi mümkün olacaq. Bu isə xaricdə daşınmaz əmlakı, bank hesabları və digər aktivləri olan şəxslərlə bağlı müzakirələrə səbəb olub.
Bəs konvensiyaya qoşulmaq hansı hüquqi imkanlar yaradacaq? Xaricdəki əmlak və maliyyə aktivləri barədə məlumatlar hansı hallarda tələb oluna bilər və bu mexanizm vətəndaşların hüquqlarına necə təsir edəcək?
Referans Media-nın məlumatına görə, Globalinfo.az-a danışan “Uğur” Maarifçilik İctimai Birliyinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib ki, bu məsələyə hüquqi yanaşmada ilk növbədə bir məqamı dəqiqləşdirmək vacibdir: beynəlxalq konvensiyaya qoşulmaq xaricdə əmlakı və ya bank hesabı olan şəxslərin maliyyə məlumatlarının avtomatik əldə edilməsi demək deyil:
“Söhbət dövlətlər arasında mülki və kommersiya işləri üzrə hüquqi yardım və sübutların toplanması mexanizminin yaradılmasından gedir. Mövzunun hüquqi mahiyyəti bir tərəfdən məhkəmə proseslərində sübutların əldə edilməsini asanlaşdırmaq, digər tərəfdən isə şəxslərin mülkiyyət, şəxsi həyat və bank sirri hüquqlarının qorunması arasında tarazlığın təmin edilməsidir. Söhbət 18 mart 1970-ci il tarixli Haaqa Konvensiyasından – Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyadan gedir.
Konvensiyanın məqsədi müxtəlif dövlətlərin məhkəmələri arasında sübutların əldə edilməsi sahəsində əməkdaşlığı asanlaşdırmaqdır. Azərbaycan Milli Məclisinin 24 noyabr 2026-cı il tarixli plenar iclasının gündəliyində də bu konvensiyaya qoşulma məsələsi yer alıb”.
Hüquqşünas bildirib ki, konvensiya iki əsas əməkdaşlıq mexanizmini nəzərdə tutur:
“Məhkəmə tapşırıqları: Bir dövlətin məhkəməsi digər dövlətin səlahiyyətli orqanına müraciət edərək konkret sübutun toplanmasını xahiş edir.
Diplomatik və konsulluq əməkdaşlığı: Müəyyən şərtlərlə diplomatik nümayəndələr, konsulluq vəzifəli şəxsləri və xüsusi təyin olunmuş şəxslər vasitəsilə sübutlar əldə edilə bilər”.
Xaricdəki əmlak və bank hesabları barədə məlumatların hansı hallarda tələb oluna biləcəyinə gəlincə, Əlövsət Allahverdiyev deyib ki, burada əsas hüquqi meyar sübutun konkret məhkəmə işi ilə əlaqəli olmasıdır:
“Məsələn, boşanma və əmlak bölgüsü: Tərəflərdən birinin xaricdə daşınmaz əmlakının və ya bank hesablarının olması ilə bağlı mübahisə yaranarsa, həmin məlumatlar əmlakın müəyyənləşdirilməsi üçün sübut kimi tələb oluna bilər.
Vərəsəlik mübahisələri: Vərəsəlik kütləsinə daxil olan xarici aktivlərin müəyyənləşdirilməsi zərurəti yarana bilər.
Borc və müqavilə mübahisələri: Borclunun xaricdəki əmlakı və maliyyə sənədləri mübahisənin araşdırılması baxımından əhəmiyyət daşıya bilər.
Kommersiya mübahisələri: Şirkətlərin xarici aktivləri, maliyyə əməliyyatları və mülkiyyət münasibətləri ilə bağlı sənədlər sübut kimi tələb oluna bilər”.
Əlövsət Allahverdiyev qeyd edib ki, konvensiyanın 3-cü maddəsi tələb məktubunda əldə edilməsi istənilən sübutun, o cümlədən yoxlanılması nəzərdə tutulan daşınar və daşınmaz əmlakın konkret göstərilməsini tələb edir:
“Ancaq burada mühüm hüquqi sərhəd var: xaricdə əmlakın olması şəxsin bank məlumatlarının avtomatik araşdırılması üçün əsas deyil. Məlumatın konkret mülki və ya kommersiya məhkəmə işi üçün zəruri olması tələb edilir. Konvensiyaya qoşulma hüquqi əməkdaşlığı genişləndirməklə yanaşı, müəyyən təminatların qorunmasını da tələb edir. Birincisi, mülkiyyət hüququna müdaxilə ilə sübutların toplanması fərqləndirilməlidir. Konvensiya xaricdəki əmlakın avtomatik müsadirə edilməsini, bank hesablarının dondurulmasını və ya şəxsin əmlak üzərində sərəncam hüququnun məhdudlaşdırılmasını nəzərdə tutmur. Onun əsas predmeti sübutların əldə edilməsidir. İkincisi, bank sirri və şəxsi həyatın toxunulmazlığı qorunmalıdır”.
Hüquqşünas əlavə edib ki, bank hesabları barədə məlumatların tələb edilməsi şəxsi maliyyə məlumatlarına müdaxilə məsələsini gündəmə gətirir:
“Buna görə də belə məlumatların əldə edilməsi müvafiq dövlətin daxili qanunvericiliyinə, tətbiq olunan məhkəmə prosedurlarına və məlumatın sübut kimi zəruriliyinə uyğun olmalıdır. Digər tərəfdən, şəxsin sübut verməkdən imtina etmək hüququ da müəyyən hallarda qorunur. Konvensiyanın 11-ci maddəsinə əsasən, şəxsin sübut verməkdən imtina etmək imtiyazı və vəzifəsi sorğunun icra olunduğu dövlətin, yaxud müəyyən şərtlərlə sorğu göndərən dövlətin qanunvericiliyindən irəli gələ bilər. 12-ci maddə isə sorğunun icrasından imtinanın əsaslarını müəyyən edir”.
