Antarktidada yerləşən və dünyanın ən cənubdakı aktiv vulkanı sayılan Erebus alimləri təəccübləndirməyə davam edir.
Referans Media xarici mətbuata istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü təxminən 80 qram saf qızıl kristalı yayır.
Araşdırmalara görə, bu qızıl hissəcikləri vulkandan təxminən 1000 kilometr uzaqlığa qədər yayıla bilir. Erebus bu xüsusiyyəti ilə kristallaşmış elementar qızıl hissəcikləri püskürtdüyü məlum olan yeganə vulkan hesab olunur.
Alimlər qızılın vulkan qazlarından ayrılaraq necə mükəmməl kristallara çevrildiyini hələ də tam izah edə bilmirlər. Ehtimallardan birinə görə, qızıl tərkibli qazlar sürətlə soyuduqdan sonra kristallaşaraq Antarktida buzlaqlarının üzərinə çökür.
Qeyd edək ki, Erebus vulkanının bu qeyri-adi xüsusiyyəti 30 ildən çoxdur məlum olsa da, onun necə baş verdiyi hələ də elmi araşdırmaların mövzusu olaraq qalır.
