“Yüzdən çox məktəbdə şagird sayı azdır. Onlarda distant təhsilə keçid, əlbəttə ki, mərhələli şəkildə olacaq. Biz bunu Lənkəran-Astara regionundakı bir neçə məktəbdə test etmişik ki, baxaq özünü necə göstərir. Nəticələr qənaətbəxşdir”.
Referans Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində bildirib.
O qeyd edib ki, hazırda proses pilot layihə kimi test mərhələsindədir.
V.Yaqublu bildirib ki, yuxarı siniflərdə bilogiya, kimya, tarix və sair müəllim çatışmayan fənlərdən şagirdlər mərkəz məktəbin müəllimləri tərəfindən distant formada tədrisə qoşulur. Siniflər yaradılır, hər kənddən bir neçə uşaq həmin sinifdə distant tədrisə cəlb edilir.
Direktor müavini həmçinin əlavə edib ki, şagird sayı az olan məktəblərin sayı ölkədaxili miqrasiyadan asılı olaraq dəyişir: “Şagirdlər də valideynləri ilə birlikdə köç edirlər. İndi Qarabağa köç prosesi gedir, oradakı məktəblərimiz genişlənir. Məsələn, Xankəndi məktəbi bizə artıq dar gəlir deyə bilərik. Çünki orada kifayət qədər çox uşaq oxuyur. Digər məktəblər isə boşalır, belə bir tendensiya gedir”.






















