Türkiyənin Bitlis vilayətində yerləşən Nəmrud Krater gölü ətrafında yüzlərlə yemişan kəpənəyinin (Aporia crataegi) eyni anda bir araya toplaşması təbiətsevərlərə və fotoqraflara unudulmaz mənzərə bəxş edib.
Referans Media xəbər verir ki, Ahlat, Tatvan və Güroymak rayonlarının sərhədlərində yerləşən ərazidə müşahidə olunan bu nadir təbiət hadisəsi bölgədə son illərin ən diqqətçəkən mənzərələrindən biri hesab olunur. Qara damarlı, yarımşəffaf ağ qanadları ilə seçilən yemişan kəpənəklərinin kütləvi şəkildə görünməsi böyük marağa səbəb olub.
Bitlis Eren Universitetinin müəllimi və təbiət fotoqrafı Oktay Subaşı tərəfindən lentə alınan görüntülərdə ərazi sanki "kəpənək tarlası"nı xatırladıb.
Subaşı bildirib ki, təxminən 20 ildir Nəmrud Kalderasında kəpənəkləri müşahidə etsə də, bu qədər sıx alıç kəpənəyi populyasiyasına ilk dəfə rast gəlib.
Onun sözlərinə görə, yemişan kəpənəkləri günün isti saatlarında torpağın üzərinə toplaşaraq mineral ehtiyaclarını qarşılayırlar. Mütəxəssis qeyd edib ki, qeydə alınan görüntülər həm elmi, həm də vizual baxımdan xüsusi əhəmiyyət daşıyır.
