NATO Zirvəsində diqqət çəkən anlar: İslandiyanın Baş naziri Ankaraya heyran qaldı - VİDEO

Ankarada keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində Prezident Sarayını maraqla izlədiyi görüntülərlə gündəmə gələn İslandiyanın Baş naziri Kristrun Frostadottir ilk dəfə həmin anlarla bağlı danışıb.

Referans Media xəbər verir ki, 38 yaşlı Baş nazir Türkiyədə gördüklərindən böyük təəssürat aldığını bildirərək zirvənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. "Çox təsirləndim. Möhtəşəm bir mühit var. Hər şey həqiqətən də çox yaxşı təşkil olunub. Zirvəyə hazırlıq üçün görülən bütün işlər qürurvericidir", – deyə Frostadottir bildirib.

Görüntüləri geniş müzakirə olunmuşdu

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın ev sahibliyi etdiyi rəsmi qəbul zamanı Kristrun Frostadottirin Prezident Sarayını maraqla izləməsi və ətrafı diqqətlə seyr etməsi kameraların diqqətindən yayınmamışdı. Sosial şəbəkələrdə geniş yayılan görüntülər qısa müddətdə beynəlxalq medianın da marağına səbəb olmuşdu.

NATO Zirvəsi başa çatdıqdan sonra Ankara qalasını da ziyarət edən İslandiyanın Baş naziri sosial şəbəkə hesabında paylaşım edərək NATO-nun yeni transformasiya mərhələsinə qədəm qoyduğunu bildirib. O qeyd edib ki, Avropa təhlükəsizlik sahəsində daha böyük məsuliyyət götürür və bu, müsbət inkişafdır. Frostadottir həmçinin İslandiyanın etibarlı müttəfiq kimi NATO-ya töhfə verməyə davam edəcəyini vurğulayıb.

Baş nazirin paylaşımı Türkiyə sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Çoxsaylı istifadəçilər ona yenidən Türkiyəyə gəlməsi ilə bağlı xoş arzularını çatdırıb, səmimiyyəti və davranışını yüksək qiymətləndiriblər.

1988-ci ildə Reykyavikdə anadan olan Kristrun Frostadottir iqtisadiyyat üzrə təhsil alıb. O, Yale Universitetində beynəlxalq münasibətlər, Boston Universitetində isə iqtisadiyyat üzrə magistr təhsili alıb.

Siyasi fəaliyyətə başlamazdan əvvəl iqtisadi jurnalist kimi çalışıb, daha sonra Morgan Stanley şirkətinin Nyu-York və London ofislərində fəaliyyət göstərib. 2021-ci ildə siyasətə qoşulan Frostadottir 2024-cü ilin dekabrında Baş nazir seçilərək İslandiya tarixinin ən gənc hökumət başçısı olub. Hazırda iki uşaq anası olan Frostadottir ölkəsinin yüksələn siyasi simalarından biri hesab edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki