Mağazaya girən bəbir dəhşət saçdı: Kameralar saniyə-saniyə qeydə aldı - VİDEO

Hindistanın Racastan ştatının Todaraysinq qəsəbəsində baş verən hadisə böyük təşvişə səbəb olub. Yaşayış məntəqəsinə enən bəbir əsas küçədə yerləşən içki mağazasına daxil olaraq orada çalışan şəxsə hücum edib.

Referans Media xəbər verir ki, hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Görüntülərdə 25 yaşlı mağaza işçisi Sancay Qurcarın kassada işlədiyi zaman bəbirin qəfil içəri girərək ona hücum etdiyi görünür. Qısa mübarizədən sonra Qurcar özünü xilas etməyə müvəffəq olub, mağazadan çıxaraq jalüz qapını bağlayıb və bəbiri içəridə kilidləyib.

Məlumata görə, hadisədən sonra mağaza işçisi özünü pis hiss edib.

Səlahiyyətli qurumlar bildiriblər ki, eyni bəbir mağazaya girməzdən əvvəl qəsəbədə daha iki nəfərə hücum edib. Nəticədə ümumilikdə üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis və vəhşi təbiətin mühafizəsi əməkdaşları cəlb olunub. Təxminən beş saat davam edən əməliyyatdan sonra beş yaşlı erkək bəbir sakitləşdirici iynə ilə zərərsizləşdirilib.

Heyvanın tibbi müayinədən sonra yenidən təbii yaşayış mühitinə buraxılacağı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki