Balkanlardan gəldiyi iddia edilən və son günlər Trakya bölgəsi, İstanbul və Bursada müşahidə olunan nəhəng çəyirtkələr bu dəfə Türkiyənin Diyarbəkir vilayətində qeydə alınıb. Çermik rayonunun kənd ərazilərində görünən iri ölçülü yırtıcı çəyirtkələr yerli sakinlərin diqqətini çəkib.
Referans MEDİA xəbər verir ki, Çermik rayonundakı Kral Yolu ərazisinin müxtəlif hissələrində müşahidə edilən bu həşəratlar elmi ədəbiyyatda "Saga ephippigera" adı ilə tanınır. Böyük ölçüsü və çıxardığı səslə seçilən növ bölgədə maraqla qarşılanıb.
Mütəxəssislərin sözlərinə görə, bu çəyirtkələrin uzunluğu 25 santimetrə qədər çata bilir. Onlar əsasən meşəlik və əkin sahələrində yaşayırlar. Lakin təbii mühitdə qida qıtlığı yarandıqda yaşayış məntəqələrinə də yaxınlaşa bilirlər.
Bölgəyə səfər edən bələdçi Mehmet Musa bildirib ki, bu ölçüdə çəyirtkələrlə ilk dəfə qarşılaşıb və onların görünüşünün olduqca fərqli olduğunu deyib.
Mövzu ilə bağlı açıqlama verən professor Əli Satar isə vurğulayıb ki, bu növ əsasən Cənub-Şərqi Anadolu, Şərqi Anadolu və yüksək dağlıq ərazilərdə yaşayır.
Professor Əli Satar bildirib ki, nəhəng yırtıcı çəyirtkələr görünüşcə qorxulu təsir bağışlasa da, insanlar və kənd təsərrüfatı üçün təhlükə yaratmır.
Onun sözlərinə görə, bu həşəratlar əkin sahələrinə zərər vuran müxtəlif həşəratlarla qidalandıqları üçün təbii bioloji mübarizədə mühüm rol oynayırlar.
Mütəxəssis vətəndaşlara onları məhv etməməyə çağıraraq bildirib:
"Bu çəyirtkələrin insana və əkin sahələrinə ziyanı yoxdur. Əksinə, zərərverici həşəratları məhv etdikləri üçün kənd təsərrüfatına böyük fayda verirlər. Buna görə də onları qorumaq lazımdır."
Son günlər İstanbul, Bursa və indi də Diyarbəkirdə müşahidə olunan bu növün yayılması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Lakin mütəxəssislər bildirirlər ki, "Saga ephippigera" növü invaziv və ya təhlükəli deyil və ekosistemin qorunmasında faydalı rol oynayır.
