Daha bir sahədə kəskin bahalaşma BAŞLADI

Azərbaycanda tikinti materiallarının qiymətlərində müşahidə olunan artım mənzil bazarında qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Tikinti xərclərinin yüksəlməsi yeni layihələrin maya dəyərinə və mənzillərin satış qiymətinə təsir göstərə bilər.

Eyni zamanda, torpaq sahələrinin qiyməti, əməkhaqqı və bazardakı tələb-təklif nisbəti də mənzil qiymətlərinin formalaşmasında mühüm rol oynayır. Bu fonda tikinti materiallarının bahalaşmasının daşınmaz əmlak bazarına təsiri və mənzil qiymətlərinin gələcək istiqaməti diqqət çəkir.

Tikinti materiallarının bahalaşması yeni tikililərdə mənzillərin satış qiymətlərinə nə dərəcədə təsir göstərir? Mövcud iqtisadi şəraitdə mənzil qiymətlərinin artmaqda davam edəcəyi gözlənilirmi? 

Referans Media xəbər verir ki, mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında emlak əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, ölkənin böyük şəhərlərində, xüsusilə də paytaxt Bakıda daşınmaz əmlakın satış qiymətlərində hər ay və hər il artım müşahidə olunur.

Onun sözlərinə görə, qiymət artımına bir sıra amillər təsir edir: "Xüsusilə fərdi yaşayış evlərinin və çoxmənzilli binaların tikintisi üçün tələb olunan torpaq sahələrinin, eləcə də tikinti materiallarının bahalaşması tikintinin maya dəyərinin yüksəlməsinə səbəb olur. Tikinti materiallarının qiymətlərində illik 10-15 faizlik artım tikinti xərclərinin də müəyyən qədər yüksəlməsi ilə nəticələnir. Hazırda fərdi yaşayış evlərinin tikintisində yalnız ilkin, yəni qaba işlərin görülməsi üçün hər kvadratmetrə orta hesabla 400 manat civarında vəsait tələb olunur. Bu xərclərdə il ərzində təxminən 10 faizlik artım baş verərsə, hər kvadratmetr üzrə əlavə 20-40 manat xərc yarana bilər".

Ekspert qeyd edib ki, daşınmaz əmlakın satış qiymətlərindəki artım təkcə tikinti materiallarının bahalaşması ilə bağlı deyil: "Torpaq sahələrinin qiymətinin yüksəlməsi və tikintinin ümumi maya dəyərinin artması da əmlakın satış qiymətlərinə ciddi təsir göstərir. Mövcud qanunvericiliyə əsasən, fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsi müvafiq sənədlərə malik olmalı və onun təyinatı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına uyğun gəlməlidir. Bu tələblərə cavab verən torpaq sahələrinin qiymətlərində də mütəmadi artım müşahidə olunur. Mövcud tendensiyalar nəzərə alındıqda, yaxın gələcəkdə daşınmaz əmlak bazarında qiymət artımının davam etməsi gözlənilir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki