Bakı şəhəri, Sabunçu rayonu, Mehdiabad-Pirşağı şosesi ətrafında yaşayan sakinlər su təchizatında yaranan problemdən şikayətçidirlər.
Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, sakinlərin şikəyətinə görə, əvvəllər əraziyə həftədə iki dəfə su verilsə də, hazırda təchizat tam dayanıb.
Vətəndaşlardan biri qeyd edib ki, suyun verilməsi nəzərdə tutulan vaxtlarda hər dəfə qəza baş verdiyi bildirilir.
O, həmçinin suyun maşınlarla daşınaraq pulla satıldığını iddia edib.
Sakinlər yaranmış vəziyyətin ərazidə yaşayan insanların gündəlik həyatını çətinləşdirdiyini bildirərək problemin həllini istəyiblər.
İri Şəhərlərin Su Təchizatından (İŞST) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda abonentlərin su təchizatı qrafikli rejimlə həyata keçirilir:
“Ərazidə yaşayan abonentlər tərtib olunmuş qrafikə əsasən su ilə təmin edilirlər. Qrafikli rejimlərin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb. Videodakı su maşını isə İŞST-yə aid deyil. Su maşınları müəyyən edilmiş qaydada və müvafiq tariflər əsasında təchizatdan su əldə edə bilərlər”.
