Özbəkistan Prezidenti Şavkat Mirziyoyev latın qrafikası əsasında hazırlanmış özbək əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.
Referans Media xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva “Telegram” kanalında məlumat yayıb.
Onun bildirdiyinə görə, hazırda qüvvədə olan sənədlər, milli valyuta və qiymətli kağızlar dəyişdirilməyəcək. Dərsliklər, nişanlar və markerlər isə istifadə müddəti başa çatdıqca mərhələli şəkildə yenilənəcək.
Saida Mirziyoyeva əlifbanın yenidən işlənməsi təşəbbüsünü 2023-cü ilin dekabrında irəli sürdüyünü xatırladıb. Onun fikrincə, edilən dəyişikliklər yazı dilindəki mövcud çatışmazlıqları aradan qaldıracaq və özbək dilinin rəqəmsal mühitdə daha geniş istifadəsinə şərait yaradacaq.
Qanuna əsasən, latın qrafikalı özbək əlifbasında hərflərin və işarələrin tərkibi yenilənib. Əvvəlki 26 hərf və üç hərf birləşməsinin əvəzinə yeni əlifbanın 28 hərf və apostrofdan ibarət olduğu bildirilir./Globalinfo.az
