DİQQƏT! İş saatları AZALDILA BİLƏR

Mütəmadi olaraq müxtəlif vaxtlarda Azərbaycanda iş saatlarının azaldılması və ya çevik iş qrafikinin tətbiqi məsələsi gündəmə gətirilir. Bu dəfə məsələ təkcə sosial rifah və əmək hüquqları kontekstində deyil, həm də Bakıdakı tıxac probleminin azaldılması ilə əlaqələndirilir.

Azərbaycanda iş saatlarının azaldılması hansı əmək bazarında müsbət effektləri verə bilər? Bunun tətbiqi ölkəmizdə mümkündürmü?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Referans-a açıqlamasında bildirib ki, Fazil Mustafanın dediyi məsələ mümkündür? Hipotetik arzulardır da, yəni deputatın hipotetik arzuları. Azərbaycanda iş saatının azaldılmasından söhbət belə gedə bilməz.

Ekspertin qənaəti belədir ki, Azərbaycanda insanların sosial vəziyyəti o qədər də ürəkaçan deyil. Azərbaycanda insanların problemi layiqli məşğulluqdur.  Stabil, layiqli gəlirlərlə sosial və maddi ehtiyacların təmin edilməsi şərtdir.

Ekspert onu da bildirib ki, əgər belə bir Fazil Mustafanın arzuları varsa, əvvəlcə gərək deputat mövcud 40 saatlıq iş rejiminə riayət olunub-olunmaması məsələsini gündəlikdə saxlasın. İnsanlar 40 saatdən çox işlədilir.  Bir çox özəl sektorlarda iş saatı 40 saatdən çoxdur. 

Müsahibimiz hesab edir ki, iş saatlarının azaldılması hazırda Azərbaycanın gündəliyində deyil.  Eyni zamanda bunun iqtisadi, sosial əsası vardır. Misal üçün İsveç və Almaniya kimi ölkələrdə bu problemi həll edib güclü iqtisadiyyat qurublar. Biz isə belə bir iqtisadiyyat qura bilməmişik. İnşallah həmin səviyyədə iqtisadiyyat quranda bunları da istəyərik. 

Ekspert düşünür ki, iş saatının azaldılması nəqliyyat tıxacını aradan qaldırmayacaq. Lakin bununla belə iş saatlarının fərqli saatlarda müəyyənləşdirilməsi buna kömək edə bilər. Amma bunu özəl sektordan tələb etmək olmur. Bunu yalnız dövlət sektorunda tətbiq etmək mümkündür.

Həmsöhbətimiz bildirib ki, dövlət sektorunda səkkiz yüz min insan çalışır. İş saatlarının azaldılması məsələsini özəl sektora ancaq tövsiyə etmək olar.

Ekspert diqqətə onu da çatdırıb ki, vergilərin bərpası, icbari sığorta sistemindəki güzəştlərin bitirilməsində də səbəb odur ki, dövlət pul tapa bilmir. 

“Bu baxımdan iş saatlarının azaldılması hal-hazırda aktual deyil. Nə vaxt İsveç, Almaniya, ABŞ, Danimarka, Norveç kimi zəngin iqtisadiyyat qura bilsək o zaman bu məsələləri müzakirə edə bilərik. İndi bizim üçün bu məsələlərin heç bir əhəmiyyəti yoxdur”, – deyə ekspert qeyd edib. 

Bünyamin Bünyadzadə 

Referans 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki