DİQQƏT!  Minalardan nə vaxt tamamilə azad olacağıq? – EKPERTDƏN AÇIQLAMA

Məlum olduğu kimi, ötən gün “Gizir Xanı” ləqəbi ilə tanınan əfsanəvi kəşfiyyatçı, ehtiyatda olan gizir Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində minaya düşərək həlak olub. Hadisə Ağdam rayonunun Mirəşelli kəndi ərazisində baş verib. “Gizir Xanı” bu gün torpağa tapşırılıb. Həmçinin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəyyən ərazilərində insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır.

Hazırda minatəmizləmə əməliyyatları Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biridir və bu fəaliyyət yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial-iqtisadi inkişaf və əhalinin doğma yurdlarına qayıdışı üçün ilkin şərtdir. Minalardan nə vaxt tamamilə azad olacağıq? Mina təhlükəsinin qarşısının alınması istiqamətində hansı maarifləndirici tədbirlər həyata keçirilir?  

Mövzu ilə bağlı  “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Referans-a açıqlamasında təəssüf hissi ilə bildirib ki, çox əfsanəvi bir kəşfiyyatçımızı faciəli şəkildə itirdik. Birinci və İkinci Qarabağ savaşlarında iştirak etmişdi. Atəşkəs dövründə isə düşmənlər üzbəüz dayanıb. Hər zaman minalanmış ərazilərlə bağlı təcrübəyə malik olan peşəkar kəşfiyyatçımızı çox əfsuslar olsun ki, ermənilərin torpaqlarımızda basdırdığı mina nəticəsində itirməli olduq. Bu həm hərbçilərimiz və xalqımız üçün çox ağırdı. Cəsur kəşfiyyatçımız da daxil olmaqla bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Hərbi ekspert onu da diqqətə çatdırıb ki, məlum olduğu kimi Azərbaycan dövləti minalardan təmizlənmə istiqamətində ardıcıl və sistemli işlər aparır. Bu sahədə ştat sayı artırıldı. Həmçinin Müdafiə nazirliyi və FHN,  DSX bu sahədə xeyli əhəmiyyətli işlər görməkdədir. Bildiyiniz kimi xeyli ərazilərimiz minalardan tamamilə təmizlənib. Həmin yerlərdə hava limanları, avtomobil yolları salınıb. Eyni zamanda yeni yaşayış massivləri inşa olunur və olunmaqdadır.

Emin Həsənli bildirib ki, minalardan tamamilə qurtulmaq üçün bizə təbii ki, müəyyən zaman lazımdır. Bu yolda da xeyli maarifləndirmə işləri davam etdirilir.  Bayaq haqqında danışdığımız kəşfiyyatçımızın timsalında bir daha şahid oluruq ki, bu sahədə peşəkarlar belə mina təhlükəsi ilə üzləşə bilir.

“Buna görə də işğaldan azad olunmuş ərazilərə səfər edən hər bir vətəndaş maksimum dərəcədə ehtiyatlı olmalı və onlara verilən təhlükəsizlik təlimatlarına ciddi şəkildə əməl etməlidir. Minalarla bağlı təhlükənin aradan tam aradan qaldırılması heç də asan məsələ olmadığından mümkün qədər bu istiqamətdə uğurlu nəticələri isə yaxın gələcəkdə əldə edə biləcəyimizə inanıram”,- deyə hərbi ekspert əlavə edib.

Bünyamin Bünyadzadə

Referansş


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki