image-qebirrrrrrrrrrrbackend

Dirilər ölənlərin hesabına xurma yeyir – Dəfn pulu kimlərə verilir?

Qanunvericiliyə əsasən, sosial müavinət kimi təyin edilən ödənişlərdən biri də dəfn üçün nəzərdə tutulan vəsaitdir. Bu müavinət, müraciətetmə müddətindən asılı olmayaraq, fərdin ölümü ilə əlaqədar onun dəfn xərclərini çəkmiş şəxslərə ödənilir.

Referans xəbər verir ki, bu ilin yanvar-may ayları ərzində 3,5 min nəfər dəfn xərci çəkmiş şəxsə dəfn üçün müavinət təyin edilib və ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bəs bu müavinət hər kəsə aiddirmi?

Qanunvericiliyə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına dəfndən ötrü birdəfəlik sosial müavinət aşağıdakı şəxslər üçün verilir:

– Əmək pensiyaçıları;

– Ömürlük müavinət alan dövlət qulluqçuları;

– Yaşa görə müavinət alanlar;

– Əlilliyə görə müavinət alanlar;

– Ailə başçısını itirməyə görə müavinət alanlar;

– İşsizlikdən sığorta ödənişi alanlar;

– İşləyən və xeyrinə məcburi dövlət sosial sığorta ödənişi edilənlər;

– Aktiv VÖEN-i olmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayanlar.

Qanunla dəfn müavinətinin məbləği əmək pensiyaçıları üçün minimum pensiya məbləğinin 3 mislidir. Hazırda minimum pensiyanın 280 manat olmasını nəzərə aldıqda bu məbləğ 840 manat təşkil edir. Digərləri üçün isə dəfn müavinətinin məbləği 500 manatdır.

Azərbaycanda son illərin statistikası da maraq doğurur.

COVID-19 pandemiyasının tüğyan etdiyi 2020-2021-ci illəri istisna olmaqla, 2017-ci ildən bəri ən yüksək ölüm statistikası məhz ötən il qeydə alınıb. 2024-cü ilin 12 ayı ərzində ümumən 58 909 nəfər vəfat edib ki, bu 2023-cü ilə nisbətən (57 410 nəfər) təxminən 1500 nəfər daha çoxdur. 2017-2025-ci illər ərzində ümumilikdə ölkə üzrə ölüm statistikası aşağıdakı kimidir:

2017-ci il: 55 860 nəfər

2018-ci il: 56 612 nəfər

2019-cu il: 54 747 nəfər

2020-ci il: 75 754 nəfər (COVID-19 pandemiyasının təsiri)

2021-ci il: 76 605 nəfər (COVID-19 pandemiyasının təsiri)

2022-ci il: 60 762 nəfər

2023-cü il: 57 410 nəfər

2024-cü il: 58 909 nəfər

2025-ci il: 14 172 nəfər (yanvar-mart ayları ərzində)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki