Neftin qiyməti ucuzlaşır - Tarif Şurası benzin və dizellə bağlı hansı QƏRARI VERƏCƏK?

ABŞ Prezidenti Donald Tramp dünya bazarında neft və yanacaq qiymətlərinin ucuzlaşdığını açıqlayıb. Bəs neftin qiymətində müşahidə olunan eniş nə qədər davamlı ola bilər və bu tendensiya Azərbaycanın yanacaq bazarına, eləcə də ölkənin neft gəlirlərinə necə təsir göstərə bilər?

Referans Media xəbər verir ki, məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında neft qiymətlərinin dəyişməsi bir sıra amillərdən, o cümlədən qlobal iqtisadi artımdan, geosiyasi proseslərdən, iri neft istehsalçılarının hasilat siyasətindən və enerji bazarında tələb-təklif balansından asılıdır. Onun sözlərinə görə, buna görə də qiymət enişinin uzunmüddətli olub-olmayacağını indidən qəti şəkildə söyləmək mümkün deyil.

Ekspert qeyd edib ki, əgər qlobal tələbat zəifləyər və neft təklifi yüksək səviyyədə qalarsa, qiymətlərin aşağı səviyyədə qalması ehtimalı arta bilər. Lakin geosiyasi risklərin artması və ya hasilatın məhdudlaşdırılması qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.

Akif Nəsirlinin sözlərinə görə, Azərbaycan üçün neft qiymətlərinin aşağı düşməsi ilk növbədə ixrac gəlirlərinə və dövlət büdcəsinə təsir göstərə bilər. O bildirib ki, neft gəlirlərinin azalması valyuta daxilolmalarını zəiflədə və büdcə gəlirlərində müəyyən azalmaya səbəb ola bilər.

Ekspert vurğulayıb ki, daxili yanacaq bazarında qiymətlər dünya bazarındakı dəyişikliklərə avtomatik uyğunlaşmır. Onun sözlərinə görə, Azərbaycanda yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənir və onların formalaşmasında daxili vergi, tarif və qiymət siyasəti də mühüm rol oynayır.

Akif Nəsirli əlavə edib ki, bu səbəbdən dünya bazarında neft ucuzlaşsa belə, bunun ölkə daxilində yanacaq qiymətlərinə təsiri məhdud və ya gecikmiş şəkildə özünü göstərə bilər. O hesab edir ki, Azərbaycanın neftdən asılılığının tədricən azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki