XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin deputatları, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev, ədəbiyyat, mədəniyyət və elm xadimləri, diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında keçirilən sərgi oktyabrın 27-dək davam edəcək. Builki sərgidə 32 xarici ölkədən 59 təşkilat, eləcə də 148 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
Sərgi çərçivəsində Azərbaycanın tanınmış və gənc yazarları, həmçinin Türkiyə, ABŞ, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən dəvət olunmuş görkəmli yazıçılar və elm adamları ilə görüşlər təşkil olunacaq.

Sərginin yerli fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və tanınmış uşaq yazıçısı Reyhan Yusifqızıdır. İranəsilli məşhur yazıçı Sərinuş Sənii və ingilis uşaq-yeniyetmə ədəbiyyatının tanınmış nümayəndəsi Darren Simpson sərginin xarici fəxri yazarlarıdır.

Qeyd olunub ki, SOCAR-ın tərəfdaşlığı ilə təşkil olunan sərgi günlərində müxtəlif formatlı 300-dən çox tədbir, o cümlədən kitab təqdimatları, imza günləri, konfranslar, qiraət və musiqi saatları keçiriləcək. Eyni zamanda kitab sənayesi sektorunun nümayəndələri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sonra açılış mərasimində Azərbaycan Dövlət Uşaq Filarmoniyası kollektivinin təqdimatında musiqi və rəqs nömrələri ifa olunub.

Sonra mədəniyyət naziri Adil Kərimli və qonaqlar bir sıra ölkələrin və nəşriyyatların stendləri ilə tanış olublar.

Qeyd edək ki, sərgi oktyabrın 27-dək hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq. Bakı sakinlərinin və şəhərin qonaqlarının metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslarla, 20 dəqiqəlik intervalla gediş-gəlişi təmin edilir. Sərgiyə giriş ödənişsizdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki