Azərbaycanda “eyni və ya bərabər dəyərli işə görə bərabər əməkhaqqı” prinsipinin qanunvericilikdə konkretləşdirilməsi əmək bazarında maaş fərqlərinin azaldılması baxımından mühüm addım hesab olunur.
Mövzu ilə bağlı Referans Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu prinsipin tətbiqi yalnız qanunda qeyd olunması ilə yekunlaşmamalı, paralel olaraq əmək bazarında mövcud olan struktur problemlər də həll edilməlidir.
Onun sözlərinə görə, eyni işə görə fərqli maaşların verilməsi hallarının aradan qaldırılması üçün ilk növbədə qeyri-rəsmi əmək münasibətləri və “zərfdə maaş” praktikasına son qoyulmalıdır:
“Minimum əməkhaqqının real bazar maaşlarından xeyli aşağı olması problemlər yaradır. Əgər minimum əməkhaqqı 600-700 manat civarında olsa, qeyri-rəsmi əmək münasibətlərinə ehtiyac azalacaq, maaşlar tam şəkildə vergiyə cəlb olunacaq və dövlət büdcəsinə daxilolmalar artacaq”.
Ekspert qeyd edib ki, sahibkarların mövcud vergi yükü də nəzərə alınmalıdır. Onun fikrincə, 12 aylıq dövriyyəsi 200 min manatı keçən sahibkarın əlavə dəyər vergisi ödəyicisinə çevrilməsi kiçik və orta biznes üçün ciddi çətinlik yaradır:
“2016-cı ildən bəri ƏDV-yə cəlb olunan dövriyyə məbləği dəyişməyib və 200 min manat olaraq qalır. Halbuki bu müddətdə əməkhaqları, icarə və ofis xərcləri bir neçə dəfə artıb. Hesab edirəm ki, həmin limit ən azı 500 min manata qədər artırılmalıdır ki, sahibkar daha rahat və stimullaşdırıcı fəaliyyət göstərə bilsin”.
Vüqar Oruc “bərabər dəyərli iş” anlayışının dəqiq meyarlarla müəyyənləşdirilməsinin vacibliyini də vurğulayıb. O bildirib ki, əmək münasibətlərinə nəzarət edən mexanizmlər gücləndirilməli, əmək müfəttişliyi daha effektiv fəaliyyət göstərməlidir:
“Maaş fərqlərinin aradan qaldırılması, gender bərabərliyinin təmin olunması, regionlarla paytaxt arasında əməkhaqqı fərqlərinin azaldılması kimi tədbirlər məqsədəuyğundur”.
Ekspertin sözlərinə görə, qadın və kişilər arasında maaş fərqi daha çox maliyyə, bank, İT, texnologiya, neft-qaz, sənaye və tikinti sektorlarında hiss olunur. Qadınların üstünlük təşkil etdiyi sahələr isə əsasən təhsil, səhiyyə və sosial xidmətlərdir.
O hesab edir ki, bu fərqlər uzun illər formalaşmış sosial yanaşmalar və peşə seçimləri ilə bağlıdır:
“Qadınların daha aşağı maaşlı və daha az riskli sahələrə yönəlməsi illərlə davam edib. Amma müasir dövrdə gender bərabərliyi anlayışı artıq qadınların da yüksək maaşlı və strateji sahələrə yönəlməsini təşviq edir. Eyni işi görən qadın və kişi eyni əməkhaqqını almaq hüququna malik olmalıdır”.
Subyektiv yanaşma risklərinin tam aradan qaldırılmasının mümkün olmadığını deyən Vüqar Oruc bildirib ki, işçilərin peşə bacarıqları və əlavə təcrübələri əməkhaqqına təsir edən əsas amillərdəndir:
“Bəzi işçilər xaricdə və ya ölkə daxilində kurs və təlimlərdə iştirak edir, öz üzərində işləyir. İşəgötürən də təbii olaraq daha peşəkar və fəal işçini daha yüksək maaşla stimullaşdırır. Burada əsas məsələ eyni işi görənlər arasında əsassız fərqlərin olmamasıdır”.
İqtisadi baxımdan şəffaflığın artırılması üçün vakansiyalarda maaş aralığının açıqlanmasının vacib olduğunu deyən ekspert əlavə edib ki, vəzifə təlimatları və qiymətləndirmə sistemləri də beynəlxalq standartlara uyğun qurulmalıdır:
“Hər bir işçi bilməlidir ki, onun fəaliyyəti hansı kriteriyalar üzrə qiymətləndiriləcək. Bonus, vəzifə artımı və digər qərarlar şəxsi münasibətlərə deyil, konkret performans göstəricilərinə əsaslanmalıdır”.
Vüqar Orucun fikrincə, yeni dəyişikliklər biznes mühiti və özəl sektor üçün əlavə inzibati yük və xərclər yaratsa da, uzunmüddətli perspektivdə əmək bazarının daha şəffaf və peşəkar formalaşmasına səbəb olacaq:
“Bu proses şirkətlərdə şəffaflığı, hesabatlılığı və işçi məsuliyyətini artıracaq. Qeyri-rəsmi əmək münasibətlərinə ciddi təsir göstərəcək, peşəkar kadrların dəyərini yüksəldəcək. İlk mərhələdə müəyyən çətinliklər yaransa da, sistem formalaşdıqdan sonra həm şirkətlərin fəaliyyəti, həm də əmək bazarının keyfiyyəti baxımından müsbət nəticələr ortaya çıxacaq”.
Gülnaz Abdullazadə
