Günəşə ən yaxın planet olan Merkurinin formalaşmasından bəri diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib. Əvvəlki hesablamalarda bu göstəricinin maksimum 14 kilometr olduğu bildirilirdi.
Referans Media “Spiegel”ə istinadən xəbər verir ki, Yaponiya və Almaniya alimləri Merkurinin səth görüntülərini yenidən təhlil edərək bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Geophysical Research Letters” jurnalında dərc olunub.
Alimlərin fikrincə, planetin daha çox kiçilməsi onun daha böyük metal nüvəyə malik olduğunu göstərə bilər. Digər ehtimallara nüvədə yüngül elementlərin azlığı və Merkurinin formalaşdığı dövrdə temperaturun daha yüksək olması daxildir.
Təxminən 4,5 milyard il əvvəl yaranan Merkuri soyuduqca kiçilib və bu proses səthində qırılmalar, qırışıqlar və dağ silsilələrinin yaranmasına səbəb olub. Meteor və asteroid zərbələrinin isə bəzi ərazilərdə bu izləri silmiş ola biləcəyi ehtimal edilir.
Merkurinin səthinin daha dəqiq xəritəsi “BepiColombo” missiyası çərçivəsində hazırlanacaq. Avropa kosmik aparatı noyabrın 21-də planetin orbitinə daxil olaraq onun səthini 50 metrədək dəqiqliklə xəritələndirəcək./Publika.az
