Market və restoranlarda soyuq zəncirin qırılması qidaların hansı dərəcədə zəhərli hala gəlməsinə səbəb olur? Ümumiyyətlə, ölkə üzrə ticarət və ictimai iaşə müəssisələrində soyuq zəncirin pozulması halları hansı tezlikdə və ya faizlə müşahidə edilir?
Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, market və restoranlarda soyuq zəncirin pozulması qidanın avtomatik olaraq “zəhərli” olması demək deyil, lakin mikrobioloji riskin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.
Onun sözlərinə görə, xüsusilə ət, toyuq, balıq, süd məhsulları, hazır salatlar və kremli məhsullar kimi tez xarab olan qidalar uyğun temperaturdan kənarda qaldıqda bakteriyalar sürətlə çoxala bilər. Salmonella, Listeria, E. coli və Staphylococcus aureus kimi mikroorqanizmlər qida zəhərlənməsinə səbəb ola bilər. Bəzi bakteriyaların yaratdığı toksinlər isə sonradan məhsul yenidən soyudulsa və ya bişirilsə belə, tam aradan qalxmaya bilər.
Mütəxəssis qeyd edib ki, riskin səviyyəsi məhsulun hansı temperaturda və nə qədər müddət saxlanılmasından asılıdır. Məsələn, soyudulmalı qidanın saatlarla otaq temperaturunda qalması, soyuducunun temperaturunun davamlı olaraq normadan yüksək olması və ya məhsulun daşınma zamanı soyuducu şəraitdən çıxarılması təhlükəni ciddi şəkildə artırır. Buna görə yalnız məhsulun görünüşünə, qoxusuna və dadına əsaslanaraq onun təhlükəsiz olduğunu müəyyən etmək mümkün deyil.
Fərid Səfərov bildirib ki, soyuq zəncirin pozulmasının ölkə üzrə market və ictimai iaşə müəssisələrinin neçə faizində baş verdiyini göstərən vahid, müntəzəm və bütün müəssisələri əhatə edən konkret faiz göstəricisi demək çətindir. Çünki nəzarət orqanlarının aşkarladığı hallar bütün bazarın statistik nümunəsi hesab edilmir və nəticələr yoxlamaların əhatə dairəsinə, müəssisənin fəaliyyət növünə və aparılan monitorinqlərin istiqamətinə görə dəyişir. Buna görə konkret faiz söyləmək elmi baxımdan düzgün olmaz.
Mütəxəssisin sözlərinə görə, əsas məsələ soyuq zəncirin bütün mərhələlərdə qorunmasıdır. Məhsulun istehsalçıdan daşınması, anbara qəbulu, soyuducuda saxlanılması, satış vitrininə yerləşdirilməsi və restoranda emalına qədər temperatur rejiminə nəzarət edilməlidir.
O əlavə edib ki, müəssisələrdə temperaturun mütəmadi ölçülməsi və qeydiyyata alınması, soyuducu avadanlıqların texniki vəziyyətinin yoxlanılması, çiy və hazır məhsulların ayrı saxlanılması və temperatur pozuntusu zamanı məhsulun risk əsasında qiymətləndirilməsi vacibdir.
Yəni soyuq zəncirin pozulması qidanı dərhal zəhərli etmir, amma təhlükəli mikroorqanizmlərin çoxalması üçün şərait yaradaraq qida zəhərlənməsi riskini ciddi şəkildə yüksəldə bilər. Buna görə də istehlakçı üçün ən vacib göstəricilərdən biri məhsulun yalnız son istifadə tarixi deyil, onun bütün saxlanma və daşınma müddətində düzgün temperatur şəraitində qorunmasıdır.
Sağlam qidalanaraq sağlam yaşayın!
Gülnaz Abdullazadə
