Son günlər qızıl bazarında yenidən qiymət artımı müşahidə olunur. Hazırda bazarda 585 əyar türk qızılının bir qramının qiyməti 175-180 manat arasında dəyişir. Qiymətlərin artımı alıcıların da diqqətini çəkib və qızıl bazarında yenidən bahalaşma tendensiyası müşahidə edilir.
Bəs, qiymət artımının əsas səbəbi nədir?
Referans Media bildirir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, qızıl qiymətlərinin artmasının səbəbi Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmamaq qərarı və əksinə, monetar yumşalmaya gedəcəyi ilə bağlı siqnallar verməsi ilə əlaqədardır:
"Yəni investorlar gözləyirdilər ki, Amerikada inflyasiya yüksəkdir, Federal Ehtiyat Sistemi faiz dərəcələrini artıra bilər. Bu zaman dolların indeksi yüksələr və qızılın qiyməti ucuzlaşardı. İndi əks proses baş verir. Yəni dollar indeksi zəifləyir, dolların dünyadakı mövqeləri zəifləyir. Belə deyək, məzənnə mövqeyi zəifləyir, daha doğru ifadə etsək, dolların məzənnə mövqeyi zəifləyir. Ona görə də qızılın qiyməti artır. İndi sentyabr ayında Federal Ehtiyat Sisteminin növbəti toplantısı keçiriləcək. Orada da faiz dərəcələri ilə bağlı hansısa sərtləşdirici qərar qəbul olunmasa, yəni faizlərin artırılması ertələnsə, o zaman daha yüksək qiymətləri görə bilərik. Ən azından, ilin sonuna qədər bir unsiya üçün 5000 dollar qiyməti mümkündür".
