2012-ci il dekabrın 21-i çoxlarının yaddaşında dünyanın sonu ilə bağlı yayılan iddialarla qalıb. Maya təqviminin həmin tarixdə başa çatması bəzi dairələrdə qiyamət ssenarilərinə səbəb olmuş, dünya üzrə geniş müzakirələr və narahatlıq yaratmışdı. Gözlənilən fəlakət baş verməsə də, bu hadisə insanların qlobal təhlükələr qarşısında nə qədər həssas olduğunu bir daha göstərmişdi. İndi isə oxşar suallar yenidən gündəmə gəlib. Dünyanın bir sıra ölkələrində vətəndaşlara evdə ən azı 3-7 günlük ərzaq, su ehtiyatı saxlamaq, poverbank, fənər və nağd pul əldə etmək tövsiyə olunur. Bu çağırışlar Azərbaycanda da diqqətdən kənarda qalmayıb. Artıq bəzi vətəndaşların evdə ərzaq və su ehtiyatı toplamağa başladığı bildirilir.
Bu tövsiyələrin Azərbaycana aidiyyəti varmı? Biz də indidən evimizdə ərzaq və su ehtiyatı toplamalıyıq? Narahatlığa əsas varmı?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, 14 il əvvəl belə bir proses yaşanıb və həmin vaxt çoxsaylı marketlər, kiçik dükanlar demək olar, qəfil boşaldı:
“İnsanlar kisələrlə un alır, evlərində kerosin, lampa və şam ehtiyatı yaradırdılar. Dükanlarda şam, lampa, kerosin və quru ərzaq məhsullarına tələbat kəskin artmışdı. Düşünürəm ki, bu proses müəyyən mənada ərzaq və gündəlik istehlak məhsulları istehsalçılarının da maraqlarına xidmət edən bir oyun ola bilər. Biznesdə süni panika yaradılır və insanlar da psixoloji olaraq bu vəziyyətə uyğunlaşırlar. Çünki insanlar belə vəziyyətlərdə hətta böyük həcmdə poverbanklar və qablaşdırılmış sular da alırlar. Mənə elə gəlir ki, bütün bunlar müəyyən dövrlərdə təkrarlanan eyni proseslərin tərkib hissəsidir. Yaxın perspektivdə belə ciddi faciələrin baş verəcəyini düşünmürəm”.
Ekspert bildirib ki, evdə ərzaq, su və müəyyən qədər pul ehtiyatının olması problem deyil:
“Əksinə, bu, mümkün risklərə qarşı müəyyən hazırlıqdır. Onsuz da insanların evində, adətən, ən azı bir həftəlik ərzaq ehtiyatı olur. Qlobal səviyyədə bankların çöküşü və ya bank sistemində fors-major hallar baş verərsə, ödəniş imkanlarımız məhdudlaşa bilər. Belə vəziyyətdə nağd pula ehtiyac yaranır. Buna görə də evdə müəyyən məbləğdə nağd pul saxlamaq vacibdir. Lakin bütün bunları dünyanın sonunun yaxınlaşması kimi qiymətləndirmək və insanları kütləvi şəkildə ehtiyat toplamağa çağırmaq düzgün deyil. Mən belə bir proqnoz görmürəm. Dünyada baş verə biləcək fəlakətləri izləyən elmi, astronomik və seysmik mərkəzlər də hələlik bu cür qlobal fəlakətlərlə bağlı proqnoz verməyiblər. Ona görə də məsələyə fəlakət gözləntisi kimi deyil, mümkün risklərə qarşı hazırlıq kimi yanaşmaq lazımdır. Yəni vətəndaşlarımız müəyyən ehtiyatlar toplaya bilərlər”.
