Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan mümkün seçki ittifaqları ilə bağlı müzakirələrə münasibət bildirib.
Referans Media xəbər verir ki, "YouTube" proqramlarından birində çıxış edən Erbakan deyib ki, partiyası nə Özgür Özəlin rəhbərliyi ilə yaradılması müzakirə olunan yeni ittifaqda, nə də CHP-nin rəhbərlik etdiyi hər hansı siyasi birlikdə yer almağı düşünür.
O bildirib ki, partiya üçün ən doğru seçim seçkilərə müstəqil şəkildə qatılmaqdır.
Erbakan xatırladıb ki, partiyası Cümhur İttifaqının tərkibində olduğu dövrdə 2,89 faiz səs toplayıb, yerli seçkilərdə isə ittifaqdan kənar iştirak etməsinə baxmayaraq səs faizini 7-yə yüksəldib.
Onun sözlərinə görə, bu nəticələr partiyanın təkbaşına daha uğurlu ola biləcəyini göstərir.
Fatih Erbakan həmçinin bildirib ki, Cümhur İttifaqında yer almaq həmin dövr üçün doğru qərar idi, lakin hazırkı siyasi şəraitdə eyni addımı təkrarlamağı düzgün hesab etmir.
CHP-nin rəhbərlik etdiyi mümkün ittifaqlarla bağlı suala cavabında isə Erbakan qəti mövqe nümayiş etdirərək, belə bir birlikdə iştirak etmələrinin mümkün olmadığını vurğulayıb.
