Nigar Fərhadı hansı cəza gözləyir? - Hüquqşünas elə şeyləri açıqladı ki...

Xaricdə təhsil və iş imkanları vədi ilə vətəndaşlardan minlərlə manat vəsait toplandığı, lakin öhdəliklərin yerinə yetirilmədiyi iddiaları cəmiyyətdə geniş rezonans doğurub. Bir qrup vətəndaş "Aid Group" şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçi olduqlarını bildirərək, nə vəd edilən xidmətləri aldıqlarını, nə də ödədikləri vəsaiti geri qaytara bildiklərini iddia edirlər.

Məsələ artıq hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilib.

Bəs bu cür hallarda qanunvericilik hansı məsuliyyəti nəzərdə tutur? Zərərçəkənlərin hüquqları necə qorunur və araşdırmanın nəticəsində hansı hüquqi qərarlar verilə bilər?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Ayxan Məmmədli bildirib ki, işin hüquqi qiymətləndirilməsi istintaq zamanı toplanacaq sübutlardan asılı olacaq və müəyyən ediləcək faktlardan çıxış edərək həm mülki, həm də cinayət-hüquqi məsuliyyət məsələsi gündəmə gələ bilər:

"Əgər tərəflər arasında müqavilə bağlanıb və hər hansı səbəbdən öhdəlik icra edilməyibsə, bu, avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Lakin istintaq zamanı müəyyən olunarsa ki, əvvəldən vətəndaşları aldatmaq məqsədi olub, xidmət göstərmək niyyəti olmadan onlardan pul vəsaiti alınıb, bu halda əmələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə, yəni dələduzluq kimi hüquqi qiymət verilə bilər".

Hüquqşünasın sözlərinə görə, hüquq-mühafizə orqanları araşdırma zamanı bağlanmış müqavilələri, ödəniş sənədlərini, bank köçürmələrini, tərəflər arasında aparılmış yazışmaları, şirkətin maliyyə dövriyyəsini və vəsaitlərin hansı istiqamətdə istifadə olunduğunu araşdıracaqlar:

"Əgər eyni üsulla çoxsaylı şəxslərin zərər çəkdiyi müəyyən edilərsə, bu hal istintaq zamanı ağırlaşdırıcı amillərdən biri kimi qiymətləndirilə bilər. Belə hallarda bütün epizodlar bir cinayət işi çərçivəsində araşdırılır və zərərçəkənlərin sayı, vurulan ziyanın məbləği hüquqi qiymətləndirməyə birbaşa təsir göstərir".

Ayxan Məmmədli, hüquqşünas

Ayxan Məmmədli qeyd edib ki, cinayət işinin başlanması zərərçəkənlərin pullarının geri qaytarılması hüququnu aradan qaldırmır:

"Zərərçəkmiş şəxslər cinayət işi çərçivəsində mülki iddia qaldıra bilərlər. Məhkəmə təqsiri sübuta yetirilmiş şəxsin dəymiş maddi ziyanı ödəməsi barədə qərar qəbul edə bilər. Bunun təmin edilməsi məqsədilə istintaq mərhələsində həmin şəxsin əmlakı və bank hesabları üzərinə həbs qoyulması da qanunvericilikdə nəzərdə tutulmuş prosessual tədbirlərdəndir".

Ekspert bildirib ki, belə işlərdə zərərçəkənlərin müqavilələri, ödəniş qəbzlərini, bank çıxarışlarını, elektron yazışmaları və digər sübutları istintaqa təqdim etmələri olduqca vacibdir. Bu sənədlər həm cinayət tərkibinin müəyyən olunması, həm də vurulmuş maddi ziyanın ödənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Hazırda məsələ hüquq-mühafizə orqanlarının araşdırmasındadır. İstintaq başa çatmadan hər hansı şəxsin təqsirli olduğunu söyləmək hüquqi baxımdan düzgün deyil. Azərbaycan Respublikasının Konstitusiyasına və Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kəs təqsirli hesab edilə bilməz. Məhz aparılan araşdırmanın nəticəsi bu işə hüquqi qiymətin necə veriləcəyini müəyyən edəcək", – deyə Ayxan Məmmədli vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki