image-zekat88backend

Fitrəni xristiana vermək olar? – İlahiyatçıdan AÇIQLAMA

Ramazan ayının son günlərinə yaxınlaşdıqca müsəlmanları düşündürən əsas məsələlərdən biri də fitrə zəkatının miqdarı və onun verilməsi qaydalarıdır.

Hər il olduğu kimi bu il də fitrə zəkatının nə qədər olacağı, kimlərin bu zəkatı verməli olduğu, eləcə də kimlərə verilməsinin daha doğru sayıldığı ilə bağlı müxtəlif suallar yaranır.

Bu il fitrə zəkatının məbləği nə qədər olacaq? Fitrə zəkatını vermək nə dərəcədə vacib sayılır? Bu zəkat əsasən kimlərə verilməlidir? Borc öhdəliyi olan insanlar fitrə zəkatı verə bilərmi?

Referans Media  xəbər verir ki ,Sfera.az-a bu barədə açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, ayın sonunda fitrə zəkatı vermək hər bir müsəlman üçün vacibdir:

“Deməli, fitrə zəkatın bir növüdür və bunu bilmək lazımdır. Zəkat vacib ibadətlərdəndir, fitrə zəkatı da həmin vaciblərdən biridir. “Zəkat” və “fitrə” sözləri ərəb mənşəlidir. “Fitrə” insanın fitrəti, yaradılışı mənasını ifadə edir. “Zəkat” isə təmizlənmək və eyni zamanda artım, bərəkət mənasını daşıyır. Yəni insan zəkat verməklə həm mənəvi cəhətdən təmizlənir, həm də malında bərəkət və artım olur. İstər müstəhəb sədəqə, istərsə də vacib zəkat olsun, məsələn fitrə zəkatı, bunların hamısı insanın malının artmasına, bərəkətlənməsinə səbəb olan əməllərdəndir. Fitrə zəkatı, bildiyimiz kimi, Fitr bayramından bir gün əvvəl ayrılır. Evdə olan hər bir şəxsin adından ayrıca verilir. Bunun üçün müəyyən olunan mallar məlumdur: arpa, buğda, kişmiş, xurma və s. Bu məhsullardan təxminən 3 kilo miqdarında ayrılır. Elə buna görə də fitrənin konkret sabit qiyməti yoxdur. Allah bu hökmü elə müəyyən edib ki, insanlar fitrə verməkdə çətinlik çəkməsinlər. Məsələn, xurmanın növləri və qiymətləri fərqlidir. Elə xurma var 5-8 manatdır, eləsi də var 20-30 manat və daha bahadır. Məhsulların və qiymətlərin fərqli olması insanların maddi vəziyyətinə uyğunlaşdırılıb. İmkanı olan şəxs fitrə verməlidir. Fəqir isə ümumiyyətlə buna imkanı çatmayan kəsdir. Fitrə verilərkən sadalanan məhsulların özünü də vermək olar, onların dəyərini pul şəklində də vermək olar. Yəni 3 kilo buğdanın özünü də vermək mümkündür, onun qiymətini pul olaraq da vermək olar. Burada əsas fərq etmir. Əsas məsələ odur ki, bu yardım bayram günü və ya ondan bir gün əvvəl ehtiyaclı ailəyə çatsın”.

İlahiyyatçı söyləyib ki, bəzən sual yaranır ki, Qafqaz Müsəlman İdarəsi də fitrə üçün konkret qiymət, məsələn 15 manat göstərir:

“Bu, şəriətdə vacib bir məbləğ deyil. Yəqin ki, həmin məbləğ ortalama hesablanmış bir göstəricidir. Amma şəriətdə belə bir vacibat yoxdur ki, mütləq hamı fitrəni məhz həmin məbləğdə versin. Evdə neçə nəfər varsa, hərəsi üçün mütləq 15 manat verilməlidir deyə bir hökm yoxdur. Burada əsas məqsəd ehtiyaclı insanın da bayramı hiss etməsidir. Fitr bayramı müsəlmanların bayramıdır və bu bayramda imkansız müsəlmanın da süfrəsi açılmalı, sevinc yaşamalıdır. Ramazan ayı özü bayram deyil. Ramazan bərəkətli, rəhmət dolu aydır. Bayram isə Ramazanın tamamlanmasından sonra başlayan Fitr bayramıdır. Yəni Fitr bayramı artıq Ramazandan sayılmır, Şəvval ayının ilk gününə təsadüf edir. Bu bayramın mahiyyəti ondadır ki, insan 30 gün Allahın əmrini yerinə yetirir və fitrə zəkatı verməklə bu ibadətini tamamlayır”.

F.Əhməd fitrə zəkatının Ramazan ayında tutulan orucun kamilləşməsi, təkmilləşməsi demək olduğunu əlavə edib:

“İnsan sanki oruc ibadətini fitrə ilə kamala çatdırır, onu daha mükəmməl şəkildə Allaha təqdim edir. Bəzən belə bir sual verilir: “Mənim qonşum xristiandırsa, niyə fitrəni ona verə bilmirəm?” Fitrə zəkatının şərtlərindən biri odur ki, müsəlman ehtiyaclıya verilsin. Bunun səbəbi budur ki, bu, müsəlmanların bayramıdır və həmin gün ehtiyaclı müsəlmanın da bayram etməsinə şərait yaradılmalıdır. Əgər mən öz məhəlləmdə ehtiyac içində olan bir müsəlmanı tanıyıramsa, onun vəziyyətindən xəbərdaramsa, deməli, onun qarşısında mənim məsuliyyətim var. Mən həmin fitrə ilə onun bayram keçirməsinə, süfrə açmasına səbəb olmalıyam. Bu o demək deyil ki, başqa din mənsubu olan ehtiyaclı insanlara kömək etmək olmaz. Əksinə, ilin digər bütün günlərində xristian, yəhudi və ya başqa din nümayəndəsi olan imkansız insanlara kömək etmək olar və bu, insani bir davranışdır. Sadəcə söhbət məhz fitrə zəkatından gedir. Yəni fitrə zəkatı xüsusi olaraq Fitr bayramında ehtiyaclı müsəlmanın da bayram sevincini yaşaması üçündür. Bu, çox incə və önəmli məqamdır. Bəzən bu məsələ yanlış başa düşülür və İslamın ayrı-seçkilik etdiyi iddia olunur. Halbuki belə deyil. İslam başqa din mənsublarına köməyi qadağan etmir. Sadəcə fitrə zəkatının özünəməxsus dini məqsədi və ünvanı var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki