Flört dünyası dəyişir: Doğru partnyoru tapmaq üçün diqqət edilməli 5 vacib məqam

Münasibətlər dünyası sürətlə dəyişsə də, insanların doğru partnyor axtarışı davam edir. 2026-cı ilin yanvarında 18-79 yaş arasında 1000 subay şəxsin iştirakı ilə aparılan araşdırma göstərib ki, respondentlərin 65 faizi bu il sevgi münasibətləri qurmaq məsələsində nikbindir.

Araşdırmaya görə, subayların 73 faizi tanışlıq tətbiqlərindən istifadə edir, 48 faizi dost və iş yoldaşları vasitəsilə yeni insanlarla tanış olur, 24 faizi isə maraq dairəsinə uyğun tədbirlərdə sevgini axtarır.

Lakin seçimlərin artması “Doğru insanı seçirəmmi?” sualını da gündəmə gətirir.

Nyu-Yorkda fəaliyyət göstərən psixoloq və münasibətlər üzrə ekspert Sabrina Romanoff bildirib ki, tanışlıq prosesinin ən çətin tərəfi qarşı tərəfin həqiqi xarakterini tanımaqdır.

Ekspertin sözlərinə görə, insanların çoxu münasibətlərin ilk ayında “mükəmməl partnyor” obrazı yarada bilir. Buna görə də sağlam münasibət qurmaq üçün bəzi əlamətlərə diqqət yetirmək vacibdir.

1. Davamlılıq və diqqət

Həqiqətən maraq göstərən insan bunu yalnız görüş zamanı deyil, gündəlik davranışlarında da nümayiş etdirir. Qarşı tərəfin sizin problemlərinizlə maraqlanması və xırda detalları xatırlaması mühüm göstəricidir.

2. Səhvləri qəbul etmək bacarığı

Hər kəs səhv edə bilər. Vacib olan səhvi qəbul edib üzr istəmək və məsuliyyət daşımaqdır.

3. Stress anlarında davranış

Bir insanın gündəlik problemlərə, xidmət işçilərinə və ya tıxaca münasibəti onun xarakteri haqqında çox şey deyə bilər. Kobud və aqressiv davranış gələcək münasibətlər üçün risk siqnalıdır.

4. Niyyətlərin aydın olması

Uzunmüddətli münasibət istəyən insan bunu davranışları ilə də göstərməlidir. Sizi dostları ilə tanış etməsi və həyatına daxil etməsi ciddi niyyətin göstəricisi hesab olunur.

5. Təhlükəsizlik və rahatlıq hissi

Mütəxəssislərin fikrincə, güclü emosional “qığılcım” həmişə sağlam münasibətin göstəricisi olmur. Əgər münasibətdə özünüzü rahat, güvənli və sakit hiss edirsinizsə, bu daha sağlam əlaqənin əlaməti ola bilər.

Ekspertlər bildirirlər ki, tanışlıq platformaları və texnologiyalar dəyişsə də, sağlam münasibətin təməli dəyişmir: etibar, hörmət və davamlılıq hələ də ən vacib meyarlardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki