Fransa yeni isti hava dalğasının təsiri altına düşüb. Ölkənin əsasən cənub və cənub-qərb hissələrində yerləşən 16 departamentdə yüksək temperatur səbəbindən narıncı xəbərdarlıq elan edilib.
Fransa Meteorologiya Xidməti (Météo-France) bildirib ki, ayın ortalarınadək davam edəcək isti hava dalğası zamanı bəzi şəhərlərdə havanın temperaturu 40 dərəcəyədək yüksələcək.
Xatırladaq ki, ötən ay Fransa tarixinin ən isti iyun ayını yaşayıb. Güclü istilər nəqliyyat, səhiyyə, təhsil və istehsal sahələrinə mənfi təsir göstərib. Təkcə 26 iyunda Parisdə isti hava səbəbindən 109 nəfər həyatını itirib. Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, 22–28 iyun tarixlərində yüksək temperaturla əlaqəli əlavə 2 025 ölüm qeydə alınıb.
