Gecə ilə Azərbaycanı tərk edən erməni qadın KİMDİR və NƏ DEYİB? - BÜTÜN DETALLAR

Xəbər verdiyimiz kimi, üç gün əvvəl Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan Azərbaycana səfər etmişdi. O, sentyabrın 22-də Bakıda keçirilən IV Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak etmək üçün ölkəmizdə idi. Məlumat Ermənistan Baş nazirinin mətbuat katibi tərəfindən təsdiqlənmişdi. Onun forumda iştirakının əsas məqsədi beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi olub.

Referans Media bildirir ki, Qriqoryanın Bakıya səfəri Ermənistanın yüksək vəzifəli təhlükəsizlik rəsmisinin Azərbaycan paytaxtına gəlişi baxımından diqqət çəkir.

Bundan başqa, Kristinne Qriqoryanın Azərbaycan paytaxtını gecə saatlarında tərk etməsi də diqqət çəkib. Məlumata görə, ölkəmizi tərk edərkən hava limanında olan jurnalistlər Qriqoryana bir neçə sual veriblər. O isə suallara cavab verməyib və əvəzində sadəcə “gecəniz xeyrə qalsın” deməklə kifayətlənib.

Bəs son illərdə Ermənistanın təhlükəsizlik strukturunda mühüm postlardan birinə gətirilən Kristinne Qriqoryan kimdir?

Musavat.com onun haqqında bütün məlumatları məlumatları təqdim edir:

Kristinne_Grigoryan_head_and_shoulders.jpg (144 KB)

Kristine Qriqoryan 27 avqust 1981-ci ildə Ermənistanın Sevan şəhərində anadan olub. Hüquqşünas və kəşfiyyat əməkdaşı olan Qriqoryan hazırda Ermənistanın Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edir. Bundan əvvəl o, Ermənistanın ədliyyə nazirinin müavini və İnsan Hüquqları Müdafiəçisi vəzifələrində çalışıb.

Qriqoryan 1998-ci ildə İrəvan Dövlət Universitetinə daxil olub. 2002-ci ildə ərəbşünaslıq üzrə bakalavr, 2006-cı ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə İrəvandakı Northern University-nin hüquq fakültəsini bitirib.

2004–2009-cu illərdə Ermənistan Milli Assambleyasının Qanunvericilik Təhlili və İnkişafı Departamentində çalışıb. 2009-cu ilin mart-oktyabr aylarında parlamentin Xarici Əlaqələr Departamentində tərcüməçi-hüquqşünas kimi fəaliyyət göstərib. 2009–2011-ci illərdə Milli Assambleyanın aparat rəhbərinin hüquq üzrə köməkçisi olub. 2011–2014-cü illərdə deputat köməkçisi, 2012–2014-cü illərdə isə parlament sədrinin hüquq məsələləri üzrə assistenti vəzifələrini tutub. 2014–2015-ci illərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi proqram çərçivəsində Ermənistan Milli Assambleyasının institusional imkanlarının inkişafı üzrə layihədə komandaya rəhbərlik edib. 2015–2018-ci illərdə Ermənistan Ədliyyə Nazirliyinin aparatında Beynəlxalq Hüquqi Əməkdaşlıq Departamentinin rəhbəri olub.

2018-ci ildə Ermənistanda baş verən “Məxməri inqilab”dan sonra o vaxt baş nazirin birinci müavini olan Ararat Mirzoyanın müşaviri vəzifəsində çalışıb. Həmin il iyulun 3-də baş nazir tərəfindən ədliyyə nazirinin müavini təyin edilib.

24 yanvar 2022-ci ildə Ermənistan Milli Assambleyası Kristine Qriqoryanı ölkənin İnsan Hüquqları Müdafiəçisi seçib.

images.jpg (17 KB)

O, 23 yanvar 2023-cü ildə vəzifəsindən istefa verib. Qriqoryan istefasının səbəbini yeni vəzifəyə təyin olunması ilə əlaqələndirib.

4 oktyabr 2023-cü ildə Kristinne Qriqoryan Ermənistanın mülki rəhbərlik prinsipi əsasında fəaliyyət göstərən Xarici Kəşfiyyat Xidmətinin ilk rəhbəri təyin edilib. Onu bu vəzifəyə Ermənistanın baş naziri Nikol Paşinyan təyin edib.

Qriqoryanın Qərbdə liderlik və xüsusi kəşfiyyat metodları üzrə təlim keçdiyi barədə müxtəlif məlumatlar yayılıb. Mənbədə onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və ya Böyük Britaniyanın MI6 qurumu tərəfindən təlim aldığı barədə iddiaların mövcud olduğu bildirilir. Lakin bu məlumat mənbədə təsdiqlənmiş fakt kimi təqdim edilmir.

Mənbədə həmçinin qeyd olunur ki, CIA direktoru Bill Börns və MI6 rəhbəri Riçard Mur da daxil olmaqla hər iki qurumun yüksək vəzifəli nümayəndələri Ermənistanın kəşfiyyat xidmətinin yaradılması dövründə İrəvana bir neçə dəfə səfər ediblər.

Kristinne Qriqoryanın altı dil bildiyi qeyd olunur. O, erməni, rus, ingilis, fransız, alman və ərəb dillərində danışır.

Qriqoryan dövlət qulluğunun bitərəf üzvü kimi təqdim olunur və evli deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki