Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib ki, regionlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək.
“Bu gün həkim çatışmazlığı var. Regionlarda həkim çatışmazlığı problemini dəfələrlə qaldırmışıq, müzakirə etmişik...”
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, dünyanın müxtəlif ölkələrində və regionlarında həkim çatışmazlığı problemi vaxtaşırı gündəmə gəlir. Onun sözlərinə görə, həm pasiyentlər, həm də həkimlər daha çox paytaxtlara və iri şəhərlərə üz tutmağa meyillidirlər: “Bunun konkret səbəbləri var. Tibb elmi və tibbi yeniliklər adətən böyük şəhərlərdə, inkişaf etmiş mərkəzlərdə daha sürətlə tətbiq olunur. Bu baxımdan xüsusilə gənc həkimlər peşəkar inkişaf imkanlarının daha geniş olduğu mərkəzlərdə çalışmağa üstünlük verirlər. Eyni zamanda pasiyentlər də müayinə və müalicə üçün daha çox paytaxta və iri şəhərlərə üz tuturlar.
Ancaq regionlarda da adekvat və keyfiyyətli tibbi xidmətin göstərilməsinə ciddi ehtiyac var. Bunun üçün bölgələrdə işləməyi stimullaşdıran addımlar atılmalıdır. Buraya həkim və digər tibb işçilərinin əməkhaqlarının daha cəlbedici olması, onların yaşayış şəraitinin yaxşılaşdırılması, eləcə də müxtəlif sosial güzəştlərin tətbiqi daxildir”.
Həkimin sözlərinə görə, dünyada bu sahədə uğurlu təcrübələr də mövcuddur: “Məsələn, qardaş Türkiyədə rezidenturanı və ya uzmanlıq təhsilini başa vuran bəzi tibb işçiləri müəyyən müddət məcburi əmək fəaliyyəti çərçivəsində regionlara göndərilir. Səhiyyə sistemində hansı ixtisas üzrə çatışmazlıq varsa, gənc mütəxəssislər həmin bölgələrə təhkim olunur. Nəticədə onların bir hissəsi region mühitinə uyğunlaşır, bəziləri isə orada ailə quraraq fəaliyyətini davam etdirir. Bu da bölgələrdə kadr çatışmazlığının aradan qaldırılmasında effektiv mexanizmlərdən biri hesab olunur.
Bununla yanaşı, regionlarda çalışan həkimlərlə paytaxtdakı tibbi mühit arasında əlaqələrin gücləndirilməsi də vacibdir. Konfransların, kursların və beynəlxalq tibbi tədbirlərin regionlarda təşkili bu baxımdan mühüm rol oynaya bilər. Belə olduqda bölgələrdə çalışan həkimlər özlərini ümumi elmi proseslərdən kənarda qalmış hesab etməz, peşəkar inkişaf imkanlarının məhdudlaşdığını düşünməzlər. Bu isə onların regionlarda fəaliyyətini davam etdirməsinə əlavə stimul yaradar”.
Zülfüqar Yusifov qeyd edib ki, hazırda müzakirə olunan məsələlərdən biri də 65 yaşına çatmış təcrübəli həkimlərin fəaliyyətini davam etdirməsinə imkan yaradılmasıdır. Onun fikrincə, insanların pensiyaya çıxmaq hüququ qorunmalıdır və bu, mübahisə mövzusu deyil. Lakin kəskin kadr çatışmazlığı yaşanan dövrlərdə təcrübəli mütəxəssislərin bilik və bacarıqlarından yararlanmaq da alternativ həll yollarından biri ola bilər.
Baş həkim vurğulayıb ki, dünyanın əksər ölkələrində regionlarla mərkəzlər arasında tibbi xidmət səviyyəsində müəyyən fərqlər həmişə olub və gələcəkdə də olacaq: “Çünki bütün ən müasir müayinə və müalicə metodlarının hər bir regionda tətbiqi iqtisadi baxımdan hər zaman səmərəli olmur. Buna görə də həm kadr axını, həm də pasiyent axını daha çox mərkəzlərə yönəlir. Bununla belə, regionların inkişafı diqqətdən kənarda qalmamalıdır. Azərbaycanda son illərdə regionlarda səhiyyə infrastrukturunun qurulması istiqamətində ciddi işlər görülüb. Müasir xəstəxanalar tikilib, tibb müəssisələri yeni avadanlıqlarla təchiz olunub. Bu gün əsas məsələ həmin infrastrukturu peşəkar kadrlarla təmin etmək, optimallaşdırma və inteqrasiya proseslərini gücləndirməkdir. Məqsəd ondan ibarət olmalıdır ki, regionlarda da tibbi xidmət həm əlçatan, həm də yüksək keyfiyyətli olsun”.
