Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı qaydalara etdiyi son dəyişiklik cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Referans Media xəbər verir ki, sentyabrın 21-də qəbul edilən qərara əsasən, şagirdlərin müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir. Geyim formasına riayət olunması ilə bağlı məsələlərin məktəbin Pedaqoji Şurası tərəfindən həll ediləcəyi də qərarda əksini tapıb.
Qeyd edək ki, dövlət məktəblərində məktəbli geyiminin nümunələri hələ 2022-ci ildə Nazirlər Kabinetinin 96 nömrəli qərarı ilə müəyyənləşdirilib. Yeni dəyişiklik isə həmin formanın vahidliyini pozan əlavə geyim elementlərinin istifadəsi məsələsini daha konkret şəkildə tənzimləyir.
Qərarın xüsusilə dini geyim elementlərinə, o cümlədən məktəblərdə baş örtüyündən istifadəyə necə tətbiq olunacağı müxtəlif fikirlərin səslənməsinə və müzakirələrə səbəb olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev də məsələ ilə bağlı mövqeyini açıqlayıb.
O bildirib ki, məsələyə pedaqoji, sosial və tarixi-dini baxımdan yanaşdıqda məktəbdə vahid geyim formasının qorunmasının vacibliyi görünür.
“Məktəb hər bir uşaq üçün dünyəvi və bərabər təhsil məkanıdır. Vahid geyim sosial-iqtisadi fərqləri aradan qaldırır və uşaqları vahid mühitdə birləşdirir. Dini və ya ideoloji simvolların məktəbə gətirilməsi isə şagirdlər arasında qütbləşməyə və psixoloji gərginliyə səbəb ola bilər”, – Rafiq Əliyev bildirib.
Onun fikrincə, məktəb yaşlı uşaqlar hələ formalaşma mərhələsində olduqları üçün geyimlə bağlı seçimlər də hər zaman onların müstəqil qərarı olmur:
“Bu yaşda geyim seçimi çox vaxt uşağın öz şüurlu qərarı deyil, valideynlərin təsirinin nəticəsi olur. Təhsil müəssisəsi uşaqlara dünyagörüşlərini yetkinlik yaşında müstəqil seçmələri üçün neytral mühit təmin etməlidir”.
Rafiq Əliyev məsələnin dini tərəfinə də toxunub. O bildirib ki, İslamın ilkin dövründə örtünmə qaydaları Mədinə cəmiyyətinin sosial şəraiti, iqlimi və təhlükəsizlik amilləri ilə bağlı olub.
“Din əslində formal örtükdən daha çox mənəvi əxlaqa və təvazökarlığa önəm verir. Məktəbli uşağın başını örtməsini dinin mütləq şərti kimi təqdim etmək formaya qapanmaq deməkdir”, – professor qeyd edib.
Rafiq Əliyevin sözlərinə görə, müxtəlif ölkələrdə təhsil mühiti ilə şəxsi dini seçimlər arasında balansın qorunması ilə bağlı fərqli təcrübələr mövcuddur.
O hesab edir ki, vahid məktəb formasının tətbiqi dini inanclara qarşı addım kimi qiymətləndirilməməlidir:
“Bu, dünyəvi dövlət quruluşunun və uşaqlar arasında bərabərliyin təmin olunması mexanizmidir. Cəmiyyətdə ayrılıq yaratmamaq üçün məktəbi sırf bilik məkanı kimi qorumaq, fərdi seçimləri isə məktəbdənkənar mühitə saxlamaq ən doğru yoldur”./Bakupost.az/
